ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı prezident seçkiləri ərəfəsində Azərbaycanda rəy sorğusu keçirib - NƏTİCƏLƏR - VİDEO

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı prezident seçkiləri ərəfəsində Azərbaycanda rəy sorğusu keçirib - NƏTİCƏLƏR - VİDEO

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.

APA xəbər verir ki, sosioloji sorğunun nəticələri ilə bağlı “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşları Corc Birnbaum (George Birnbaum) və Vlada Qalanın (Vlada Galan) Şuşada mətbuat konfransı olub.

Mətbuat konfransında bildirilib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub.

Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 3 000 nəfər respondent cəlb edilib. Bunlardan 24,1%-i Bakı şəhərindən, 8,3% digər böyük şəhərlərdən, 21,3%-i kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3%) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3%-i (1 479 nəfəri) qadın, 50,7%-i (1 521 nəfəri) kişidir. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb, respondentlərin 36,2%-ni 18-34 yaş arası, 39,0%-ni 30-54 yaş arası, 24,8%-ni 55 və daha çox yaşı olan insanlar təşkil edib.

Sorğunun 24,1%-i Bakı şəhərinə, 4,8%-i Naxçıvana, 6,1%-i Abşeron-Xızı, 3,4%-i Dağlıq Şirvan, 6,4%-i Gəncə-Daşkəsən, 6,8%-i Qarabağ, 7,2%-i Qazax-Tovuz, 5,9%-i Quba-Xaçmaz, 10,0%-i Lənkəran-Astara, 7,8%-i Mərkəzi Aran, 6,6%-i Şəki-Zaqatala, 5,3%-i Şirvan-Salyan bölgələrinə aid olub.

Sorğu vərəqindəki sualları aşağıdakı kimi qruplaşdırılıb:

- Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi;

- Ölkənin hazırkı vəziyyətinə münasibət;

- Əhalinin siyasi fəallıq səviyyəsi;

- Ermənistan-Azərbaycan münaqişəsi; Vətən müharibəsinə dəstək.

“Ümumiyyətlə əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz sualına 34,9% “Demək olar ki, hər zaman” variantını seçib. Daha 28,4% “Hər zaman”, 11,1% isə “Çox vaxt” cavabı verib. Bu isə əhalinin seçkilərdə aktivliyinin göstəricisidir.

Sorğuda iştirak edənlərdən 4,5%-i ilk dəfə səs verdiyini, 16% demək olar ki, səs vermədiyini, 5% isə ümumiyyətlə səsvermədə iştirak etmədiyini bildirib.

Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkənin üzləşdiyi ən vacib problem hansıdır” sualına 2,3% iqtisadi vəziyyəti, 34,9% məşğulluğu, 27,1% əməkhaqqını, 0,4% Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1% cinayətkarlığı, 14,1% korrupsiyanı, 6,7% təhsili, 0,2% ekologiyanı, 13,1% səhiyyəni, 1,1% isə məişət zorakılığını qeyd edib.

Seçicilər arasında ölkənin “düzgün istiqamətdə” getdiyi və Prezidentin yaxşı iş gördüyü barədə əminlik hissi var.

“Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz” sualına seçicilərin 81,2%-i "düzgün istiqamət", 12,3%-i isə "yanlış istiqamət" cavabını verib.

“Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz” sualına 96.0% seçici əla, 2,5% yaxşı, 0,8% qənaətbəxş cavabını verib.

Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə hesab edirlər. Belə ki, “Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı” sualına cavab olaraq, sorğulanan şəxslərin 85,4% BƏLİ cavabını verib.

“Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz” sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərindən razıdır.

Belə ki, respondentlərin 97%-i İlham Əliyevin, 1.2%-i Zahid Orucun, 0.7%-i Fazil Mustafanın, 0,5%-i Razi Nurullayevin, 0,3%-i Qüdrət Həsənquliyevin, 0,2%-i Fuad Əliyevin, 0,1%-i isə Elşad Musayevin adını çəkib.

Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir.

Respondentlərin 98,50%-i “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi” sualına müsbət cavab verib. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.

Respondentlərin əksəriyyəti “Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib” sualına 72,5% “Müsbət”, 2,6% “Mənfi”, daha 24,9% “Neytral” variantlarını seçib.

Bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırkı iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.

Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır.

Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş seçki öncəsi sorğunun nəticələrinə əsasən, deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.

Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 07 fevral 2024-cü il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir.

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir.