Həkim vəzifələri üzrə 226 nəfər dövlət xəstəxanalarında işlə təmin olunub

Həkim vəzifələri üzrə 226 nəfər dövlət xəstəxanalarında işlə təmin olunub

Səhiyyə Nazirliyində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, təyinat “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq nazirliyin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb.

Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib.

Təyinat 37 ixtisas, o cümlədən ümumi cərrahiyyə, travmatologiya–ortopediya, mamalıq-ginekologiya və s. üzrə aparılıb. Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerlərinə göndərişində ümumilikdə 226 həkim-mütəxəssis iştirak edib.

Həkim-mütəxəssislər dövlət tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçim edərək Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan, habelə Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrinə göndərişlərlə təmin ediliblər.