İnarə Vəliyeva: “Startapların investisiyaya əlçatanlığı üçün yeni maliyyələşmə mexanizləri düşünürük”

İnarə Vəliyeva: “Startapların investisiyaya əlçatanlığı üçün yeni maliyyələşmə mexanizləri düşünürük”

Azərbaycanda son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı əsas prioritetlərdən birinə çevrilib. Dövlətin xüsusi diqqət ayırdığı bu sahə üzrə dayanıqlı startap ekosisteminin formalaşması, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi, kiçik və orta biznes (KOB) subyektlərinin rəqəmsallaşması, xarici investorların İKT sektoruna cəlb edilməsi, regionların rəqəmsal ekosistemə sürətli inteqrasiyası istiqamətində mühüm işlər görülüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva “Report” müsahibəsində İKT sektoru üzrə qarşıdakı hədəflər, atılacaq addımlar barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

-Xarici investorların texnoparklarımıza marağı varmı? Onların Azərbaycana gətirilməsi istiqamətində hansı işlər görülür?

- Ölkəmizi yerli, eləcə də xarici İKT şirkətləri üçün cəlbedici edəcək addımlardan biri texnoparkdan kənar rezidentlik çərçivəsində İKT üzrə müvafiq sahələrdə (sistem inteqrasiyası və proqram təminatı) fəliyyət göstərən şirkətlərə vergi güzəştləri və bir sıra imtiyazların verilməsidir. Burada əsas məqsəd ölkədə İKT sahibkarlığını inkişaf etdirmək, yeni şirkətlərin yaranmasını təşviq etmək, xarici İKT şirkətlərin ölkəyə cəlbini sürətləndirməkdir. İndiyə qədər 200-dən çox müraciət arasında proqram təminatı və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən 70 hüquqi şəxs texnopark rezidentliyi üzrə qeydiyyat şəhadətnaməsi əldə edib. Qeyd edim ki, 8 xarici şirkətə sözügedən şəhadətnamələrin verilməsi üçün proses davam edir.

Bildirmək istəyirəm ki, ölkəyə gələcək xarici şirkətlərin sayının artırılması üçün mütəmadi işlər gedir. Müxtəlif platformalar, o cümlədən sərgilər və digər beynəlxalq tədbirlər vasitəsilə Azərbaycanı potensial rezidentlərə tanıdırıq. Bu il üçün iş planımızda bu sahədə ciddi PR kampaniyalarının aparılması öz əksini tapıb. Məqsədimiz beynəlxalq arenada ölkəmizin regional inkişaf platforması kimi potensialını göstərmək, biznes məqsədləri olan şirkətlər üçün Azərbaycanın üstünlük təşkil edən bir seçim olduğunu təşviq etməkdir. Azərbaycana maraqlı olan şirkətlərlə komandamız tərəfindən tərəfdaşlıq və ya əməkdaşlıq ediləcək özəl və dövlət qurumlarının nümayəndələri arasında görüşlər təşkil olunur, bazarın ümumi mənzərəsi təsvir edilir. Bütün bu fəaliyyət çərçivəsində hədəfimiz bu ilin sonuna kimi texnoparkdan kənar fəaliyyət göstərən xarici şirkətlərin sayını 25-ə çatdırmaqdır.

- Azərbaycanda bu gün nə qədər aktiv startap var? Onların sayının artırılması istiqamətdə hansı işlər görülür və nə kimi hədəflər qarşıya qoyulub?

- Bu gün üçün deyə bilərik ki, Azərbaycanda 220 aktiv startap mövcuddur. Bizim gözləntilərimizə görə 2026-cı ilə kimi aktiv startapların sayı 500-ə çatacaq. Startapların sayının artması birbaşa olaraq MVP-lərin (Minimum İşlək Məhsulun) sayına bağlıdır.

Hazırda MVP-li startapların sayı 105-ə yaxındır. Bu il üçün isə hədəfimiz 115 işlək yeni MVP-nin bazara çıxarılmasıdır. Bu istiqamətdə tərəfimizdən çoxşaxəli fəaliyyət həyata keçirilir. 2024-cü ilin prioritetlərindən biri universitetlərlə işdir. Belə ki, orada nə qədər çox inkubasiya və pre-inkubasiya prosesindən keçən komandalar formalaşarsa, onların startap mərhələsində uğur əldə etmək imkanları böyük olacaq. Paralel olaraq investisiya ekosisteminin də inkişaf etdirilməsi yönündə iş gedir. Bunların hər biri nəticə etibarilə işlək startap ekosisteminin formalaşmasına təsir edən mühüm amillərdir.

- Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” bu günə qədər neçə startapa dəstək verib? Bu il üçün hədəflər nədir?

- Ondan başlayım ki, biz həmin fondda komandit ortaqlığı çərçivəsində fəaliyyət göstəririk. Fondun fəaliyyətə başladığı dövrdən bu yana, yəni bir il ərzində 15 startapa 1 milyon ABŞ dollardan çox (təqribən 1.3 milyon) dəyərində maliyyə dəstəyi göstərilib. Dünya təcrübəsinə nəzər salmış olsaq, normalda bir fondun il ərzində 5-6 startapa maliyyə dəstəyi göstərəcəyi gözlənilir.

Bununla belə bu gün biz əlavə maliyyə dəstəyi mexanizmlərin də inkişaf etdirilməsi yönündə çalışırıq. “Caucasus Ventures” fondundan başqa bura “Technovate-Sabah” və LTC mələk investorlar klubları daxildir.

Məsələn, 90 nəfərdən çox təlimdən keçirsə onların bir hissəsi investisiya etməyə başladıqda başlanğıc mərhələsində olan strataplar investisiya ala biləcək. Çünki “Caucasus Ventures” fondu təxminən 50-100 min ABŞ dolları dəyərində investisiya edir.Yəni ondan daha az olduğu təqdirdə başlanğıc mərhələdə olan startaplara investisiya almaq mümkün olsa da, kifayət qədər çətindir. Paralel olaraq 100 min ABŞ dollarından yuxarı investisiya almaq mexanizmləri də nəzərdən keçirilir. Bu maliyyələşmə mexanizmi üzrə ortaq ola biləcəyimiz xarici fondların müəyyən olunması və Azərbaycana gətirilməsi yönündə düşüncələrimiz var.

-Agentlik İKT sektorunun ixtisaslı kadrlara olan tələbatını nə dərəcədə ödəyir? Azərbaycanda ixrac oluna biləcək yerli kibertəhlükəsizlik məhsullarının yaradılması perspektivini necə qiymətləndirirsiniz?

- Hər hansı bir ölkədə İKT sahəsinin davamlı inkişafını təmin etmək üçün əmək qabiliyyətli əhalinin ən azı 6 %-nin bu sahədə çalışması labüddür. Azərbaycana nəzər salmış olsaq görərik ki, bizdə bu gün həmin göstərici 1 %-nin altındadır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq İKT üzrə kadr potensialının artırılması üzrə intensiv işlərə davam edirik. İllər üzrə təqaüdçü adını qazanmış şəxslərin sayına nəzər salsaq, 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4 006 nəfərə təqaüd ayrılıb. Bu rəqəmin 2024 –cü ildə 5 000 olması hədəflənir.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinə təhsil məqsədilə başlasaq da, növbəti mərhələdə milli məhsul yaratmaq fikri ətrafında toplanan bir qrup insan üçün mərkəzə çevirməyi hədəfləyirik. Hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini bu yöndə inkişaf etdiririk. Bu dövrə qədər əldə etdiyimiz nəticələri diqqətinizə çatdırmaq istərdim. Ötən ilin iyulun 24-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk 60 məzunu yola salınıb. Məzunların 75%-i özəl və dövlət sektorlarında işlə təmin olunublar. Bu il isə daha 60 nəfər məzun olaraq ixtisaslı mütəxəssislər sırasına daxil olublar. Hazırda isə mərkəzdə yeni tədris dalğası üzrə 60 nəfərə təlimlər keçirilir.