Xəzər dənizində gəmidən insanları xilas edən heyət mükafatlandırılıb

Xəzər dənizində gəmidən insanları xilas edən heyət mükafatlandırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 26 yanvar 2024-cü il tarixində Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” gəmisinin heyət üzvlərinin və sərnişinlərinin xilas edilməsində iştirak edən CMS şirkətinin rəhbərliyinə və şirkətə məxsus “Qız Qalası” və “Qobustan” gəmilərinin heyət üzvlərinə təşəkkür edib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə hər iki gəminin heyət üzvlərinə ASCO adından “Təşəkkürnamə”, eləcə də ASCO və CMS adından hədiyyə təqdim olunub.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli “Qız Qalası” və “Qobustan” gəmilərinin heyət üzvlərinin fədakarlığının ASCO rəhbərliyi və əməkdaşları tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə bu əməliyyatda iştirak edən hər bir dənizçiyə ASCO ailəsi adından minnətdarlığını bildirib.

Təltif olunan dənizçilər öz növbələrində göstərdikləri köməyin hər şeydən öncə insanlıq borcu olduğunu bildirib və diqqətə görə təşəkkür ediblər.