Viktor Yuşşenko: "Ərdoğan Türkiyə dövləti və millətinə samballı beynəlxalq status qazandırıb"
"Əgər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçdiyi siyasi yolu təhlil etsək, görərik ki, o, ölkəsini ən yüksək beynəlxalq səviyyəyə çatdırıb. Bu gün hamı Türkiyə ilə hesablaşır. Hesab edirəm ki, Ərdoğan Türkiyə dövləti və millətinə samballı beynəlxalq status və nüfuz qazandırıb".
Bunu "Birxeber.Az"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın keçmiş Prezidenti, "Narıncı" inqilabın lideri Viktor Yuşşenko bildirib.
O söyləyib ki, R.T.Ərdoğanın necə siyasət aparması Türkiyənin daxili işidir. V.Yuşşenko hesab edir ki, bunun üçün ölkədə güclü müxalifət olmalıdır və bu da Türkiyədə var: "Fikrimcə, Ərdoğanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir. Xüsusilə onun Azərbaycanla bağlı mövqeyi daha aydın və doğrudur. Türkiyənin bu mövqeyi sayəsində Azərbaycan özünə güclü tərəfdaş qazanaraq böyük problemi olan ərazi bütövlüyünün bərpasına ciddi kömək etdi".
V.Yuşşenko R.T.Ərdoğanın hakimiyyəti dövründə Türkiyə-Ukrayna münasibətlərinin inkişafına da toxunub: "Ərdoğanın təkcə "Taxıl dəhlizi" ilə bağlı etdikləri onun nə dərəcədə güclü lider və qərar qəbuletmə qabiliyyətinə sahibi olduğunu göstərdi. Müharibənin davam etdiyi bir zamanda dəniz yolu ilə Ukrayna taxılının dünya bazarına daşınmasını təşkil etmək güclü xarakterin nəticəsidir. Türkiyə tərəfindən bu dəhlizin təşkil edilməsi təkcə Ukraynaya deyil, taxıla ehtiyacı olan əksər ölkələrə böyük dəstək oldu".
Sabiq dövlət başçısı Türkiyənin Ukraynaya "Bayraktar" PUA-ları verilməsini də yüksək qiymətləndirib: "Bu, Türkiyə tərəfindən verilmiş vacib qərar oldu. Təkcə PUA-ların verilməsi deyil, hətta zavodun tikintisi son dərəcə unikal qərardır. Buna görə Ərdoğana böyük təşəkkür düşür. Belə qərarları Türkiyədə ancaq Ərdoğan qəbul edə bilər. Ciddi deyirəm. Belə cürətli qərarları ancaq Ərdoğan verə bilərdi və verdi. Baxın, bizdə müharibə başlayan kimi neçə Avropa ölkəsinin lideri Vladimir Putinə telefon zəngləri etdi. Onlar sadəcə danışdılar, amma Ərdoğan əməli iş gördü. Onun qeyri-adi siyasi sistemi var. Dediyim kimi, o, ən yaxşı qərarlar verməyi bacaran siyasətçidir".