TÜRKSOY Fransada Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını pisləyib

TÜRKSOY Fransada Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını pisləyib

Türk dünyası mədəniyyətinin və incəsənətinin qorunması, yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olaraq Azərbaycan ədəbiyyatının məşhur siması Xurşidbanu Natəvanın heykəlinin Avropanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri Fransada vandalizmə məruz qalmasını dərin kədər hissi ilə qarşılandı.

"Birxeber.Az" xəbər verir ki, bu sözlər TÜRKSOY-un Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Azərbaycanın İsmayıllı və Fransanın Evian-le-Bən şəhərinin qardaşlaşması münasibətilə 2017-ci ildə açılan “Azərbaycan bağı” və burada ucaldılan Natəvanın heykəli iki ölkə arasında dostluq və əməkdaşlığın nümayişidir.

Türk dünyasının mədəniyyət xəzinəsində silinməz izlər qoyan, ədəbiyyata verdiyi önəm və gördüyü işlərlə təkcə Qafqazda deyil, bütün dünyada dövrünü xeyli qabaqlayan, Türk dünyasının önəmli qadın şairlərindən olan Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətə qarşı hücumdur.

Türk xalqının mədəniyyət və incəsənətinin ortaq çətiri TÜRKSOY olaraq mədəniyyətimizə və incəsənətimizə edilən bu mənfur hücumu pisləyir, cinayətkarların cəzalandırılacağına və bir daha belə hücumların baş verməyəcəyinə ümid edirik”.