Fevralda BMT TŞ-yə Qayana rəhbərlik edəcək

Fevralda BMT TŞ-yə Qayana rəhbərlik edəcək

Fevral ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Qayana rəhbərlik edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Qayananın qurumdakı daimi nümayəndəsi, səfir Kerolayn Rodriges-Birkett BMT-nin baş qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.

Səfir bildirib ki, BMT TŞ-də fevral ayında Yaxın Şərqdə davam edən münaqişə, Əfqanıstanda son vəziyyət, Somali, Liviya və Haitidə davam edən qarşıdurmalarla bağlı iclaslar keçiriləcək:

“Biz ay ərzində bütün gücümüzü münaqişəli bölgələrdə sülh və danışıqların həlli üçün yolların müəyyən olunmasına həsr edəcəyik. Ehtiyac olduğu halda TŞ-də fövqəladə iclasların da keçirilməsi nəzərdə tutulub. Çalışacağıq ki, bizə verilən bir ayı maksimum şəkildə dəyərləndirək”.

Diplomat vurğulayıb ki, təmsil etdiyi ölkə ilə uzun illərdir ərazi mübahisəsinin davam etdiyi Venesuela arasındakı anlaşılmazlıqla bağlı ay ərzində TŞ-də hər hansı bir iclasın baş tutması nəzərdə tutulmayıb.

Kerolayn Rodriges-Birkett BMT TŞ-də təcili islahatların aparılmasının vacibliyinə də diqqət çəkib. O, Afrika və kiçik ada dövlətləri üçün TŞ-də yerlərin ayrılması ilə bağlı təklifləri dəstəklədiyi deyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən (ölkələrdən) ibarətdir və hər bir üzv bir səsə malikdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə, bütün üzv dövlətlər Şuranın qərarlarına əməl etməyə borcludurlar. Hər bir üzv növbə ilə rəhbər olur və əlifba (ingilis) sırası ilə hər ay dəyişir.