Milli Məclisin sədri: Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir

Milli Məclisin sədri: Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Azərbaycana qarşı davranışlarını kəskin tənqid edib.

"Report" xəbər verir ki, o, diqqətə çatdırıb ki, Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir və Ermənistanı silahla təmin edir. Bu, sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır.

Spiker, həmçinin qarşı tərəfin diqqətinə çatdırıb ki, məhz Azərbaycan işğal siyasətinin qurbanı olmağına baxmayaraq Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin münaqişənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngidir.

Milli Məclisin sədri Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etdiyini bildirib. Bununla belə o, diqqətə çatdırıb ki, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları əksini tapır.