COP29-un təşkili ilə əlaqədar sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq

COP29-un təşkili ilə əlaqədar sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında” fərman imzalayıb.

Birxeber.Az-nın xəbərinə görə, fərmanla “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiqlənib.

Müəyyən edilib ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyi:

- Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.

Dövlət Turizm Agentliyi Qaydada nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etməlidir.