Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb

Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, - nazir qeyd edib.

EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir.

Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.

"ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq", - məlumatda deyilir.

EBRD, həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.

Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.

Qeyd edək ki, EBRD Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur. Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.