Elektromobillərin idxalında kəskin artım qeydə alınıb

Elektromobillərin idxalında kəskin artım qeydə alınıb

Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən il 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. O bildirib ki, rəqəmlər elə də böyük deyil:

"Bu, idxal olunan nəqliyyat vasitələrinin 3,5 faizini təşkil etsə də, iki il ərzində kəskin artımı görürük. Bu o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir. Hazırda ölkənin nəqliyyat parkına baxanda 80 faizdən çox nəqliyyat vasitəsinin istimar müddətinin 10 ildən çox olduğunu görürük. Onlardan 5 faizi isə 20 ildən yuxarı istehsal buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda atmosfer havasına ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır”.

O qeyd edib ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək:

“Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfədir və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir. Əminik ki, həmin proqram da qısa müddət ərzində atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasına kömək edəcək".