Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunan konfrans keçirilib

Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunan konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildiyini və o gündən etibarən hər il bu günün təntənəli şəkildə qeyd olunduğunu bildirib.

Gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini, gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxışında bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

Tədbirin sonunda bir qrup fəal gənc Nizami Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb.