Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb

Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb

Azərbaycan amputant millisinin Fransada keçiriləcək Avropa çempionatında arzuolunan rəqibləri açıqlanıb.

Bu barədə yığmanın rəhbəri Elnur Sadıqov “Report”a bildirib.

O, 16 komandanın iştirakı ilə iyunda baş tutacaq qitə birinciliyində eyni qrupa düşmək istədikləri 4 yığmanın adını çəkib. E.Sadıqov həmçinin arzuolunmaz komandalar barədə də danışıb: “Heç peşəkar futbolçular İngiltərə kimi komanda ilə qarşılaşmaz istəməzlər. İngiltərə, Polşa, Türkiyə başda olmaqla, komandalar çox keyfiyyətlidirlər. Ukrayna, Gürcüstan, Belçika və Şotlandiya kimi yığmalarla eyni qrupa düşməyimizi istərdim. Çünki komandamız yeni yaranıb, hələ oradakılar qədər təcrübəmiz yoxdur. İstənilən halda, bütün rəqiblərlə başabaş mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.

Millinin rəhbəri Avropa çempionatına hazırlığa indidən başladıqlarını söyləyib: “Sumqayıtdakı “Kapital Bank Arena”da həftədə üç dəfə məşq edirik. Komanda tam gücü ilə mötəbər yarışa hazırlaşır”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-8-i aralığında keçiriləcək. Martın 16-da turnirin püşkatma mərasimi təşkil olunacaq. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.