İsrailin pilotsuz təyyarəsinin Livanda endirdiyi zərbə nəticəsində HAMAS-ın əsas adamlarından biri həlak olub

İsrailin pilotsuz təyyarəsinin Livanda endirdiyi zərbə nəticəsində HAMAS-ın əsas adamlarından biri həlak olub

Yanvarın 20-də İsrailin pilotsuz təyyarəsinin Livanın cənubunda avtomobilə endirdiyi zərbə nəticəsində ölənlərdən biri Fələstin HAMAS hərəkatının yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının tərəfdarı olub.

APA xəbər verir ki, bu məlumatı HAMAS da təsdiqləyib.

“İzzəddin əl-Qəssam Briqadalarının tərəfdarı Əli Məhəmməd Xədrac 2024-cü il yanvarın 20-də İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində həlak olub”, - hərəkatın rəsmi Telegram kanalında dərc olunan bəyanatda deyilir.

Eyni zamanda, bu barədə bir gün əvvəl “Səda əl-Balad” telekanalı Livan mənbələrinə istinadən məlumat yayıb ki, mərhumun Livan şiə hərəkatı Hizbullah və SEPAH-ın xüsusi təyinatlı Əl-Qüds (İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə münasibəti ola biləcəyini bildirib.

Hizbullahın rəsmi Telegram kanalı şənbə günü Xədracın ölümünü təsdiqləyən bəyanat yayıb, lakin onun heç bir təşkilatla əlaqəsi barədə məlumat verməyib.