Bolqarıstanda Anlaşma Memorandumunun imzalanması Azərbaycanın enerji doktrinasının daha da möhkəmlənməsi deməkdir
"Bolqarıstanda Anlaşma Memorandumunun imzalanması Azərbaycanın enerji doktrinasının daha da möhkəmlənməsi və Avropanın enerji bazarında rolunun güclənməsi deməkdir".
Bu fikirləri “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Bolqarıstanın da bir hissəsi olduğu Balkan regionu ölkəmizin xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir: “Azərbaycanın Balkan regionu ölkələri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana işgüzar səfərini qeyd etmək lazımdır. Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bu kontekstdə Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etməsini və yüksək səviyyədə görüşlərin keçirilməsini qeyd etmək lazımdır”.
Deputat qeyd edib ki, Azərbaycan-Bolqarıstan münasibətləri son illər yeni mərhələyə qədəm qoyub: “Azərbaycan Prezidentinin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə siyasi münasibətlər keyfiyyətcə yeni səciyyə qazanıb. Bu vacib sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub”.
A.Hüseynov bildirib ki, iqtisadi əlaqələrin dinamikası hər il artır: "2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub”.
Azərbaycanın Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edən deputat bildirib ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri Balkan regionundan - Yunanıstan və Albaniyadan keçir. Bu xüsusda 2022-ci ilin oktyabr ayında Yunanıstan- Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qazın hər il Bolqarıstana nəqli üçün imkan yaradılıb”.
A.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin aprelin 25-də Bolqarıstana səfəri sayca beşinci olmaqla iki ölkə arasında möhkəm əlaqələrin göstəricisi kimi qiymətləndirilə bilər: “Səfər çərçivəsində Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycanın enerji doktrinasının daha da möhkəmlənməsi və Avropanın enerji bazarında rolunun güclənməsi deməkdir".