Ekologiya rəsmisi: "Avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə ehtiyac yaranıb"

Ekologiya rəsmisi: "Avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə ehtiyac yaranıb"

Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyini nəzərə alınsa, bu tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yaranıb.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

"Bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər. Dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir. Azərbaycanda da avtomobillərlə bağlı qabaqlayıcı tədbirlərə ehtiyac yaranıb. Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Bu qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiyanın tətbiqidir", - deyə o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizdə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: "Prezident İlham Əliyevin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək".