Füzulidə seçki həyəcanı: sakinlər 30 ilin sevinc və qürurunu yaşayır - SORĞU

Füzulidə seçki həyəcanı: sakinlər 30 ilin sevinc və qürurunu yaşayır - SORĞU

44 günlük Vətən müharibəsində əldə edilmiş böyük qələbədən sonra Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoydu. O zaman zəfərin bizdə yaratdığı qürurla Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün sevindik. Bu gün isə həmin o möhtəşəm qələbənin yaratdığı yeni reallıqlar səbəbindən qürurluyuq. Belə ki, düz 30 illik məcburi fasilədən sonra bütöv Azərbaycan prezident seçkilərinin keçirilməsi üçün gün sayır.

Azad edilmiş ərazilərdə yaşayan seçicilərin bu seçkilərə hazırlığında isə xüsusi həyəcan hiss olunur. Onların həyəcanına şərik olmaq üçün yolumuzu Füzuli şəhərindən saldıq, yurda qayıtmış seçicilər arasında sorğu keçirdik.

Füzuli şəhər sakini Roza Gəncəli bildirdi ki, 30 ildən sonra ilk dəfə bütöv Azərbaycanda seçkilər keçiriləcək: “Bu hadisə Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Düşünürəm ki, torpaq bütünlüyümüz və suverenliyimizin bərpası fonunda 7 fevral növbədənkənar prezident seçkiləri bayram ab-havasında keçəcək və hər kəs öz namizədinə səs vermək üçün seçki məntəqələrinə üz tutacaq”.

Roza Gəncəli
Roza Gəncəli

Digər seçici Rəhim Məstəliyev prezident seçkilərinin hər zaman ölkə üçün əlamətdar gün olduğunu dedi: “Lakin budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas cəhət onun 30 il fasilədən sonra bütün ölkə ərazisində keçirilməsidir. Mən də öz növbəmdə layiqli namizədə səs vermək üçün səbrsizliklə seçki gününü gözləyirəm. Bu günlərdə azad olunmuş torpaqlarımızda ilk dəfə seçkilərin keçirilməsinin sevinci və qürurunu yaşayırıq. Bu özü böyük bir bayramdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Rəhim Məstəliyev
Rəhim Məstəliyev

"30 illik həsrətdən sonra Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qanı və dövlətimizin qüdrəti hesabına öz el-obamıza qovuşmuşuq". Bunu isə Füzuli şəhər sakini Leyla Abbasova bildirdi.

“Vətənimizdə, ata-baba yurdumuzda olmağın sevincini, qürurunu yaşayırıq. Buna görə prezidentimiz İlham Əliyevə minnətdarıq. Onun rəhbərliyi ilə daim dövlətimizin qayğısını hiss edirik. Hər birimiz bir nəfər kimi 7 fevralda keçiriləcək seçkilərə hazırıq”, - o qeyd etdi.

Leyla Abbasova
Leyla Abbasova

Sakin Elçin Teymurov bütün Füzuli camaatını növbədənkənar prezident seçkilərində aktiv iştirak etməyə çağırdı: “Bu günlər Azərbaycanın ən yeni tarixi üçün əlamətdar günlərdir. Hər bir vətəndaşımız seçki prosesində yaxından iştirak etməli və seçdiyi namizədinə səs verməlidir. Uzun illər torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləmişik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində artıq yurdumuz azaddır. 30 ildən sonra azad yurdumuzda keçiriləcək ilk prezident seçkiləri gününü bayram kimi qeyd edəcəyik”.

Elçin Teymurov
Elçin Teymurov

Seçici Elmir İsmayılov isə hisslərini ifadə etməkdə çətinlik çəkdiyini bildirdi: “30 ildən sonra öz el-obamızdayıq. Füzulidən çıxanda mənim 9 yaşım vardı, hazırda 40 yaşındayam. Uzun illər sonra öz doğma yurdumda səs verəcəyimə görə qürurluyam. Bu günləri yaşadığımız üçün daim şükür edirik. Hər birimiz səbrsizliklə fevral ayının 7-ni gözləyirik”.

 Elmir İsmayılov
Elmir İsmayılov

Füzuli şəhər sakini Samir Nəsibov da böyük qələbədən sonra öz doğma torpağında 30 ildən sonra ilk dəfə seçki sevinci yaşayanlardandır.

“3 yaşım olanda Füzulidən qaçqın düşmüşük. 30 ildən sonra isə böyük sevinc hissi ilə bura qayıtmışam. Artıq 5 aydır Füzulidə yaşayırıq. Bu seçkilərdə inanıram ki, xalqımız yüksək fəallıq göstərəcək və layiq olan namizədə səs verəcək. Düşünürəm ki, xalq olaraq bunu etmək bizim borcumuzdur”, - o dedi.

Samir Nəsibov
Samir Nəsibov