“AŞPA-nın ayrı-seçkilik, tərəfkeşlik, ikili standartlar üzərində qurulmuş siyasəti zamanla iflas edəcək” - RƏY

“AŞPA-nın ayrı-seçkilik, tərəfkeşlik, ikili standartlar üzərində qurulmuş siyasəti zamanla iflas edəcək” - RƏY

Milli Məclisin deputatı Elnur Allahverdiyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ayrı-seçkilik, tərəfkeşlik, ikili standartlar üzərində qurulmuş siyasətinin zamanla iflas edəcəyini bildirib.

O, "Report"a açıqlamasında deyib ki, Fransanın əlində oyuncağa çevrilmiş AŞPA kimi qurumlar müstəqil siyasət yürüdən dövlətlərə qarşı qərəzli yanaşma tətbiq edirlər: "Bu gün Fransa neokolonializmi dünyanın hər yerində süquta uğrayır. Beynəlxalq təşkilat hesab edilən AŞPA-nın da bu ayrı-seçkilik, tərəfkeşlik, ikili standartlar üzərində qurulmuş siyasəti zamanla iflas edəcək. Bu təşkilat fərqli səbəblərdən Azərbaycana qarşı ədalətsiz mövqedə durub. Təbii ki, bəzi dövlətlər öz müstəmləkəçi, ekspansiya siyasətlərini AŞPA kimi qurumlar vasitəsilə həyata keçirməyə çalışırlar. Vasitə rolunda isə Ermənistan kimi ölkələr çıxış edirlər. Düzdür, nəticə etibarilə, elə vasitəçilər də ayaq altında qalırlar”.

E.Allahverdiyevin fikrincə, Azərbaycana qarşı köklənmiş avrodeputatların belə səyləri ola bilsin bəzi paytaxtlarda müəyyən ümidlər yaradır, ancaq bütün bunlar əbəsdir: “AŞPA-nın qəbul etdiyi anti-Azərbaycan sənədlərinin heç bir real qüvvəsi yoxdur. Dəfələrlə olub ki, özləri qəbul etdikləri qətnamələrin əksinə gediblər. Bu gün Fransa 1993-cü ildə səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əksinə getdiyi kimi”.

Elnur Allahverdiyev
Elnur Allahverdiyev

Milli Məclisin üzvü hesab edir ki, Avropanın beynəlxalq strukturlarının bəzi ölkələrə münasibətdə qeyri-adekvat münasibətinin əsasında hədəfə alınmış dövlətin mütləq halda diqtə edilən narrativlərə boyun əyməməsi durur: “Götürək dost Macarıstanı. Budapeşt Avropanın Rusiyaya münasibətdə Ukraynadakı müharibə prizmasından həyata keçirilən siyasətilə razı deyil. Bu siyasət macar xalqının maraqlarına cavab vermir. Dərhal hamısı düşürlər Macarıstanın üstünə. Hətta bu ölkənin qitənin beynəlxalq təşkilatlarından uzaqlaşdırılması məsələsi gündəmə gətirilir”.

E.Allahverdiyev vurğulayıb ki, Azərbaycana qarşı bu münasibətin kökündə duran məhz bizim müstəqil siyasət yürütmək istəyimizdir: “Qərb Rusiyanı tənqid edir, sanksiyalar tətbiq edir. Rusiya ilə yaxşı münasibətləri olan dövlətləri təqib etməyə başlayırlar. Ancaq altdan-altdan ticarətlərini davam etdirirlər. ABŞ Rusiya ilə düşmənçilik münasibətlərindədir, ancaq tək bir faydalı qazıntıya görə ötən il Moskva ilə yarım milyard dollarlıq ticarət edib. Avropa sankisyalardan dəm vurur, ancaq Ukraynadakı müharibə başlayandan bugünədək Rusiyadan qaz və neft ixracı dayanmayıb ki, artıb. Ona görə də AŞPA kimi qurumların nə səmimiyyətinə inanmaq, nə də qəbul etdiyi sənədlərə ciddi yanaşmaq lazımdır”.