"Qəbələ"nin hakimi təhqir etmiş futbolçusunun cəzası müəyyənləşib

"Qəbələ"nin hakimi təhqir etmiş futbolçusunun cəzası müəyyənləşib

AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Əyyub Allaşı ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XX turunun matçından sonra hakimi təhqir etməsi səbəb olub.

Belçikadan olan oyunçuya üç ay sınaq müddəti təyin edilib, "qırmızı-qaralar" isə 3000 manat cərimələnib.

Allaşın komanda yoldaşı Zurab Oçiqava birbaşa qırmızı vərəqə aldığı üçün bir görüşlük diskvalifikasiya olunub. "Qəbələ" buna görə 800 manat ödəməlidir. Bundan əlavə, komandanın 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün bölgə klubu əlavə olaraq 700 manat ziyana düşüb.

"Sabah" klubundan isə Elvin Camalov 1 matçlıq cəza ilə üzləşib. O, "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri XX turun qarşılaşmasında ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu.

Nəhayət, "Kəpəz" klubu da 700 manat cərimələnib. Gəncə təmsilçisinin 5 futbolçusu "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə alıb.