"Cənub Qaz Dəhlizi”nin bu ilki ehtiyaclarının maliyyələşdirmə mənbələri müəyyənləşib

"Cənub Qaz Dəhlizi”nin bu ilki ehtiyaclarının maliyyələşdirmə mənbələri müəyyənləşib

2024-cü ildə “Cənub Qaz Dəhlizi” (SGC) QSC ümumi nağd pula olan ehtiyaclarını “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsaitlər və yığılmış pul vəsaitləri hesabına təmin edəcəyi proqnozlaşdırır.

“Report” bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb SGC-nin bütün layihələrinin artıq istismara verilməsidir.

“2023-cü ilin sonuna SGC-nin maliyyələşməsi dövlət tərəfindən təmin edilən borc (6,4 milyard ABŞ dolları) və kapital (2,4 milyard ABŞ dolları) kombinasiyasından ibarət olub.

SGC 2020-2023-cü illərdə yeni borc götürməyib, ancaq ötən ilin sonuna onun ümumi borc ehtiyatının təxminən 72 %-i Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 28 %-i isə beynəlxalq maliyyə institutlarının kreditləri və onlar tərəfindən dəstəklənən kreditlər təşkil edib”, - “Fitch” bəyan edib.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.