Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri açıqlanıb

Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri açıqlanıb

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub.

Vüqar Həşimov Şahmat Fondunun mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla qaliblər elan olunub.

Vüqar Həşimov Şahmat Fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və "Challenge"in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van Den Berq təqdim edib. Hər iki şahmatçı bu mükafata ilk dəfə sahib çıxıb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və digərləri sahib çıxıblar.