Sumqayıtda yaşayış binasında yanğında zəhərlənən ana və 2 uşağının vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Sumqayıtda yaşayış binasında yanğında zəhərlənən ana və 2 uşağının vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

***

10.54

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08.30

Sumqayıtda yanğın nəticəsində ana və övladları tüstüdən zəhərlənib.

APA xəbər veri ki, hadisə 8-ci mikrorayonda baş verib.

Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızının kirayə qaldığı ümumi sahəsi 70 kv.metr olan mənzilin 10 kv.metr hissəsi yanıb. Nəticədə qadın və övladları, 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad Ibrahim oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.