Məntəqə sədri: “Füzuli camaatı seçkilər gününü səbirsizliklə gözləyir”

Məntəqə sədri: “Füzuli camaatı seçkilər gününü səbirsizliklə gözləyir”

Bütün Füzuli camaatı növbədənkənar Prezident seçkiləri gününü səbirsizliklə gözləyir.

Bunu “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 84 saylı Füzuli dairə seçki komissiyasının azad edilən Füzuli şəhərində yeni yaradılan 75 saylı məntəqə seçki komissiyasının sədri Ləman Məstalıyeva deyib.

O qeyd edib ki, sədrlik etdiyi məntəqədə növbədənkənar prezident seçkiləri günü 1354 nəfər seçici səs verəcək.

L.Məstalıyevanın sözlərinə görə, bu seçkilər xalq, dövlət üçün çox əlamətdar tarixi bir hadisədir: “Ümumilikdə isə ölkəmizin ictimai-siyasi həyatında olduqca önəmli gündür. Lakin biz qarabağlılar üçün bu gün ikiqat bayramdır. Çünki balaca uşaq ikən çıxdığımız doğma yurdumuza 30 il sonra geri dönmüşük. Bütün Füzuli camaatı həmin günü səbirsizliklə gözləyir və hər kəs bir nəfər kimi seçkidə iştirak etmək arzusundadır. Ümid edirik ki, gözləntilərimiz özünü doğruldacaq və seçki günü yüksək seçici fəallığı müşahidə ediləcək”.

O vurğulayıb ki, məntəqə dekabr ayının 9-dan fəaliyyətə başlayıb: “Mən və hər bir məntəqə üzvümüz konstitusiyamıza və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq vəzifə səlahiyyətlərimizi yerinə yetiririk. 7 fevral növbədənkənar prezident seçkiləri günü də seçicilərimizin şəffaf şəkildə səsvermə hüququndan istifadə edə bilməsi üçün əlimizdən gələni edəcəyik”.

Foto: Firudin Səlimov