"Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinə sədr təyin olunub

"Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinə sədr təyin olunub

"Caspian Energy Club"un Qırğızıstandakı nümayəndəliyinin sədri vəzifəsinə təyinat olub.

"Birxeber.Az" xəbər verir ki, bu vəzifə Rövşən Mehdiyevə həvalə edilib.

O, göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib.

"Orta Dəhliz ölkələrinin şirkətlərini birləşdirən Klubun Qırğızıstan nümayəndəliyinin sədri olaraq həm bu ölkələrlə, həm də "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrin sahibkarları və Qırğızıstan sahibkarları arasında əlaqələrin inkişafı, "networking"in genişləndirilməsi, iqtisadi fəaliyyətin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəyəm. Sədrlik dövrümdə komandamla birlikdə Qırğızıstanda istehsal olunan xidmət və məhsulları beynəlxalq bazarlara çıxarmaq, beynəlxalq investorları Qırğızıstan bazarına cəlb etmək üçün tədbirlər və müxtəlif layihələr həyata keçirməyi planlaşdırıram", - deyə R.Mehdiyev qeyd edib.

O, ilk növbədə Azərbaycan, daha sonra isə "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələr və Qırğızıstan arasında iqtisadi-ticari əlaqələrin inkişafı məqsədilə, bu ölkələrin sahibkarlarının aktiv iqtisadi mübadiləsi üçün logistika sahəsinin təkmilləşməsinə dəstək verəcəyini bildirib: "Azərbaycan və "Caspian Energy Club"un fəaliyyət dairəsində olan ölkələr arasında ticari potensialı artırmaq üçün iş adamlarının Qırğızıstandakı aktiv ticari fəaliyyətinə komandamla birlikdə bütün istiqamətlərdə dəstək verəcəyəm. Sözügedən ölkələrin iş adamları üçün, rəhbəri olduğum "Union Logistik" yükdaşıma şirkətinin Qırğızıstanın "Bişkek" Azad İqtisadi Zonasında qazandığı sərbəst bölgə statusundan yararlanması üçün şərait yaradacağam, həmçinin Azərbaycan məhsullarının Bişkekdəki azad iqtisadi zona üzərindən Orta Asiya və Çinə ixracını təşkil edəcəyəm".

R.Mehdiyev əlavə edib ki, Qırğızıstan iş adamlarının "Caspian Energy Club"a üzv olmalarını təmin etmək üçün əlindən gələni əsirgəməyəcək.

"Bundan əlavə, biz tarixi İpək yolunun ölkəmizin tranzit potensialının artması üçün xidmət göstərməsinə öz töhfəmizi verəcəyik" - deyə o fikrini yekunlaşdırıb.