Ötən il ölkədə 1 milyarddan çox sərnişin daşınıb

Ötən il ölkədə 1 milyarddan çox sərnişin daşınıb

Son 20 ildə ölkədə, xüsusən də paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. İctimai nəqliyyatda son illər infrastruktur yenilənib, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobuslar verilib. Nəticə etibarı ilə 2003-cü ildə 785 milyon 600 min, 2023-cü ildə 1 milyard 694 milyon sərnişin daşınıb.

"Birxeber.Az-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında qeyd olunub ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarından 2003-cü ildə 171 milyon 400 min, 2022-ci ildə isə 1 milyard 692 milyon manatlıq gəlir əldə edilib.
Bundan başqa, ölkəmizdə nəqliyyat sektorunun fəaliyyətinin daha səmərəli təşkili istiqamətində görülən işlər nəticəsində yük daşımalarının ümumi həcmi açıqlanıb: "Belə ki, 2003-cü ildə ölkəmizdən avtomobil nəqliyyatı ilə 59 milyon 100 min ton həcmində yük daşınıbsa, 2023-cü ildə bu rəqəm 134 milyon 200 min ton olub. Bununla da, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabədə daha dayanıqlı olmaları təmin edilib. Bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı artmışdır. 2022-ci il ilə müqayisədə 45.91%-dən (101843), 2023-cü ildə 52.77%-ə (135441) qalxıb".

"Beynəlxalq daşımalarda iştirak edən yerli avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artaraq 12 min 700-ü keçib. Eyni zamanda beynəlxalq daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə ölkəmiz üzərindən aparılan tranzit yükdaşımaları son illər ərzində 6 dəfə artaraq 4,4 milyon ton təşkil edib", - deyə məlumatda bildirilib.