Azərbaycan sahibkarları Avrasiya Yüngül Sənaye Sammitinə dəvət edilib

Azərbaycan sahibkarları Avrasiya Yüngül Sənaye Sammitinə dəvət edilib

Azərbaycan sahibkarları MDB-yə üzv dövlətlərin illik Beynəlxalq İqtisadi Forumunun genişləndirilmiş tədbirlər proqramı çərçivəsində bu il martın 21-24-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avrasiya Yüngül Sənaye Sammitinə dəvət edilir.

“Report” bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, sammitin formatına dövlətlərarası sənaye görüşü, Avrasiya regionu ölkələrində yüngül sənayenin inkişafının aktual məsələlərini əhatə edən işgüzar proqram, eləcə də sənayenin bütün seqmentlərindən olan məhsul, xammal və texnologiyaların beynəlxalq sərgisi daxildir. Sərgi iştirakçılarına məhsulların nümayişi, həmçinin alıcı və təchizatçılarla danışıqların aparılması üçün əlverişli şərait yaradılacaq.

Yüngül sənayenin potensialını daha səmərəli təqdim etmək üçün sərgi ekspozisiyasında iştirakçı ölkələrin milli stendləri, regionların kollektiv ekspozisiyaları, ixtisaslaşmış assosiasiyalar və birliklər yer alacaq. İxtisaslaşdırılmış bölmələrdə istehsal müəssisələrinin fərdi stendləri təqdim olunacaq ki, burada ayaqqabılar, çantalar, dəri məmulatları, geyim, tekstil materialları, xəz və digər məhsullar nümayiş olunacaq.