Qərbi Azərbaycan Xronikası: Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər?

Qərbi Azərbaycan Xronikası: Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni saxtakarlığından ən çox zərər çəkən türk-oğuz yurdlarından biri - Əştərək rayonu haqqında süjet hazırlanıb.

"Report" xəbər verir ki, “Qıpçaq türk qalalarının yerləşdiyi oğuz yurdu” adlı süjetdə tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçirməsindən, hayların bizə aid şəhərləri, qəsəbələri, kəndləri daim mənəvi terrora məruz qoymalarından bəhs olunur.

Bildirilib ki, Əştərək Qərbi Azərbaycanın, indiki Ermənistanın Karbibasar mahalı ərazisində yerləşən qədim türk-oğuz yurdudur. Bu məkan XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olub. Nəhayət, 1828-ci ildə Çar Rusiyasının işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçib. Əştərək rayonunun Yağaverd kəndi ərazisində VI-VII əsrlərə aid qədim arman-türk məbədi, Qarqavəng məbədi və VII yüzilə aid Qırmızıvəng məbədi mövcud olub. Hər üç məbədin yerləşdiyi ərazilərə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir.

Qeyd olunub ki, Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu ildə rayonlaşdırma inzibati-ərazi bölgüsü aparılıb: “Bu bölgüyə əsasən 1930-cu il sentyabrın 9-da ərazi inzibati vahidi kimi Əştərək adlı rayon yaradılıb. Vaxtilə Əştərək rayonuna daxil olan 50 kəndin 46-da azərbaycanlılar yaşayıb, yer adları da türk mənşəli olub. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və digər kəndlərinin əhalisi zorla çıxarılaraq Azərbaycana köçürülüb. Bununla da Əştərək ərazisində toponimlərin dəyişdirilməsi, türk-oğuz izlərinin itirilməsi prosesi başlayıb və rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib”.

Sonda vurğulanıb ki, vaxtilə adı dillər əzbəri olan Qərbi Azərbaycanın bu qədim ərazisində də mənfur ermənilər daşı daş üstə qoymadan addəyişmə əməliyyatları aparıblar: “Lakin əminik ki, tarixən və ruhən bağlı olduğumuz doğma yurdlarımıza qayıdış ermənilərin saxta əməllərinə son qoyacaq və Vətənə dönüşlə hamımız iftixar duyacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində: