Stoltenberq: Ukraynaya dəstək ABŞ-nin maraqlarına uyğundur

Stoltenberq: Ukraynaya dəstək ABŞ-nin maraqlarına uyğundur

"Putin İkinci Dünya Müharibəsindən bəri görünməmiş miqyasda bir müharibəni Avropaya qaytarıb, ABŞ və onun müttəfiqlərini təhdid etmək üçün yeni strateji silahlar hazırlayır".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vaşinqtonda "Heritage Foundation" beyin mərkəzində çıxışı zamanı deyib.

Stoltenberq bildirib ki, Putinin Ukraynada apardığı müharibə yalnız Ukraynaya nəzarət etmək üçün deyil, "söhbət Rusiyanın təsir dairəsinin bərpasından, alternativ dünya nizamının formalaşmasından gedir. Elə bir dünya nizamı ki, orada ABŞ-nin gücü azalacaq, NATO bölünəcək və kiçik demokratiyalar diz çökməyə məcbur olacaq".

"Biz Ukraynaya dəstəyimizdə qətiyyətli və güclü olmalıyıq. Səhv etməməliyik, biz hazırda sınaqdan keçirik. Ukrayna qələbə qazanmalıdır və o, qazana bilər. Lakin onun bizim davamlı dəstəyimizə ehtiyacı var", - Stoltenberq vurğulayıb.

Baş katib ABŞ-nin, Avropanın və Kanadanın Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyini qeyd edərək bildirib ki, müharibə başlayandan bəri ABŞ Ukraynaya 75 milyard dollar yardım edib, digər müttəfiqlərin və tərəfdaşların yardımı isə 100 milyard dolları ötüb.

"Ukraynaya dəstək vermək ianə etmək deyil, bu bizim öz təhlükəsizliyimizə qoyulan sərmayədir. ABŞ Ukraynaya yardım üçün illik hərbi büdcəsinin cüzi hissəsini xərcləyib.

Bununla isə Ukrayna Rusiyanın döyüş qabiliyyətinin əhəmiyyətli hissəsini məhv etməyi bacarıb. Ukraynaya dəstək vermək ABŞ-nin maraqlarına uyğundur.

Əgər biz Rusiyanın Avropadakı təcavüzünü dayandıra bilməsək, başqaları Amerikanın maraqlarına qarşı güc tətbiq etməyin faydalı olduğunu öyrənəcək.

Bizim təhlükəsizliyimizin dəyəri artacaq", - NATO Baş katibi qeyd edib.

Stoltenberq deyib ki, Çin vəziyyəti yaxından izləyir və Putinə dəstək verir: "Gəlin xatırlayaq ki, Çin və Rusiya tərəfdaşdır. Putin və Si Cinpin məhdudiyyətsiz tərəfdaşlıq sazişi imzalayıb.

Pekin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini pisləməyib və Rusiyanın yalanlarını yaymağa kömək edir.

Bu gün Ukraynadır, sabah Tayvan ola bilər", - o xəbərdarlıq edib.