Qardabanidə azərbaycanlı tələbə-gənclərin təhsil problemləri müzakirə edilib

Qardabanidə azərbaycanlı tələbə-gənclərin təhsil problemləri müzakirə edilib

Gürcüstanın Qardabani rayonundakı Təhsil və İnteqrasiya Mərkəzində yerli icma nümayəndələri və ziyalılarla görüş keçirilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, Azərbaycan dövlətinin bu ölkədəki azərbaycanlılara diqqət və qayğısı, tələbə-gənclərin təhsil problemləri və s. məsələlər diqqət mərkəzində olub.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız təkcə gürcü cəmiyyətinə deyil, Avropaya inteqrasiya sahəsində də çox böyük uğurlar qazanıblar. Bu uğurların əsasında Azərbaycan dövlətinin diqqət və qayğısı dayanır. Gürcüstandakı azərbaycanlılarla bağlı əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsi nəticəsində soydaşlarımız uğurlu nəticələr əldə edirlər.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi dövlətimizin başçısının müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Qardabani Təhsil və İnteqrasiya Mərkəzi də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yaradılıb və fəaliyyət göstərir.

Mərkəzin icraçı direktoru Çiçək Hüseynova bildirib ki, qısa müddət ərzində mərkəz yerli ictimaiyyətin diqqətini cəlb edib və nüfuz qazanıb. Bu gün mərkəzdə 600-ə yaxın şagird və gənc qeydiyyatdadır. Hazırda onların 360-ı mərkəzdə Azərbaycan dili, ingilis dili, gürcü dili, riyaziyyat, məntiq fənləri, eləcə də rəsm, musiqi və digər ixtisaslar üzrə ödənişsiz təhsil alırlar.

Sonra “Gürcüstanın Maarif Təşkilatı”nın rəhbəri və “Maarif” qəzetinin baş redaktoru Ələddin Qaradağlı, ziyalı Əvəzxan İsayev, Azərbaycan dili və ədəbiyyat müəllimi Növrəstə Məhərrəm qızı, tarix müəllimi Sahib Msutafayev, Kosalar kənd mətkəbinin direktoru Nəsib Nəsibov və başqaları çıxış edərək Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıblar.

Azərbaycan dövlətinin Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödəməsi, azərbaycandilli məktəblərin dərs və metodik vəsaitlərlə təmin etməsi yüksək qiymətləndirilib. Bildirilib ki, bu diqqət və qayğı Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyasında mühüm rol oynayır, eyni zamanda soydaşlarımızın tarixi vətən Azərbaycana olan bağlarını daha da möhkəmləndirir.

Sonda bir qrup şagirdə təhsildə fərqləndiklərinə görə Diasporala İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.