Ankaradakı Azərbaycan Kültür Dərnəyinin üzvləri Rəsulzadənin məzarını ziyarət edib

Ankaradakı Azərbaycan Kültür Dərnəyinin üzvləri Rəsulzadənin məzarını ziyarət edib

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar Ankara Cəbəci Əsri qəbiristanlığındakı məzarı Azərbaycan Kültür Dərnəyinin üzvləri və həmyerlilərimiz tərəfindən ziyarət olunub.

“Birxeber.Az”un Ankara bürosu xəbər verir ki, mərasimdə Türkiyədə təhsil alan azərbaycanlı tələbə və məzun gənclər də iştirak edib.

Məhəmməd Əmin Rəsulzadənin 1949-cu ildə qurduğu Azərbaycan Kültür Dərnəyinin hazırkı sədri Cəmil Ünal, sədrin müavini Oktay Erol, dərnəyin qadın təşkilatının rəbəri Nəsrin Ünal, dərnəyin üzvləri Muharrem Yılmaz, Engin Heyet Vural, Muzaffer Türkoğlu, Bulut Araslı, Yusuf Lənkəranlı, digər ziyalılar və həmyerlilərimiz Azərbaycanın dövlət xadimini məzarı başında ehtiramla yad ediblər.

Azərbaycan Kültür Dərnəyinin sədri Oktay Erol “Birxeber.Az”un Ankara Bürosuna açıqlamasında deyib: “Ümmətdən böyük millət, parçalanmış, yaralı bir torpaqdan milli dövlət yaradan Məhəmməd Əmin Rəsulzadə hər bir vətəndaşına hüquq verən quran ideya rəhbəri, istiqlal mücahididir”.

O.Erol bildirib ki, Rəsulzadə Türkiyədə mühacir həyatı yaşasa da, qəlbi hər zaman Azərbaycanla döyünüb: “Qurduğu Azərbaycan Kültür Dərnəyinin yayın orqanı olan “Azərbaycan Türk Kültür” dərgisində uzun illər yazılar dərc etdirib. Əsas qayəsi də Azərbaycanın müstəqilliyi üçün mübarizə yolunu davam etdirmək olub. “Birlikdən qüvvət doğar” prinsipi ilə burada yaşayan azərbaycanlıları bir araya gətirib, həyatını heç usanmadan Azərbaycanın müstəqilliyi üçün mübarizəyə sərf edən, azadlıq sevdalısı olan bu insan məşəqqətli bir həyat yaşayıb. Rəsulzadənin təkcə “insanlara hürriyyət, millətlərə istiqlal” deyimi onun nə qədər bəşəri dəyərlərə malik bir insan olduğunun göstəricisidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.