Amerikalı ekofəal Ermənistanı mədən sənayesi üzrə beynəlxalq QHT-lərlə əməkdaşlığa çağırıb

Amerikalı ekofəal Ermənistanı mədən sənayesi üzrə beynəlxalq QHT-lərlə əməkdaşlığa çağırıb

Ermənistan hökuməti və mədən sənayesi şirkətləri beynəlxalq ekspertlər üçün öz qapılarını açmalı, bu müəssisələrin fəaliyyətinin yoxlanmasına şərait yaratmalıdır.

APA xəbər verir ki, bunu amerikalı ekofəal, Miçiqan Universitetinin tələbəsi Met Qarnet deyib.

O bildirib ki, Ermənistan Qarabağın qanunsuz işğalı dövründə Azərbaycan ərazilərində ciddi ekoloji fəsadlar törədib və bu gün də regionda ətraf-mühitə ziyan vuran qanunsuz əməllərini davam etdirir.

“Bu gün biz Ermənistan Respublikasının Cənubi Qafqazda məsuliyyətsiz və laqeyd əməllərinə görə dərin narahatlığımızı ifadə edirik. Məsələn, Qarabağın qanunsuz işğalı dövründə Ermənistan Azərbaycanın digər ərazilərinə axan çaylarını çirkləndirib. Burada həmçinin Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) təhlükəsi də var. Ətraf mühit fəalları və ekspertlər bunun dünyadakı ən təhlükəli AES-lərdən biri olduğunu vurğulayırlar və bu gün Ermənistan onun fəaliyyətini dayandırmaqdan imtina edir. BMT təmiz və sağlam ətraf mühiti fundamental insan haqqı kimi təsnif edir. Qlobal ictimaiyyətin BMT ətrafında cəmlənərək ekoloji problemlərin həllinə çalışdığı bir vaxtda Ermənistanın fəaliyyətləri bu səylərlə, həmçinin Espoo Konvensiyası kimi də tanınan Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Konvensiya ilə ziddiyyət təşkil edir. Qarşıdan gələn COP29 sammitinin Cənubi Qafqazda, Azərbaycanın paytaxtı Bakıda keçirilməsini nəzərə alaraq Ermənistan ətraf mühiti daha çox qorumalı, qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Biz Ermənistan hökumətini və Ermənistanın mədən sənayesində fəaliyyət göstərən özəl şirkətləri öz qapılarını ekologiya, səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin, həmçinin qonşu ölkələrin QHT-lərinin üzünə açmağa, onların bu müəssisələrin fəaliyyətini yoxlamasına, qiymətləndirmə və monitorinq aparmasına müvafiq addımlar atmasına, nümunələr götürməsinə imkan yaratmağa çağırırıq”, - ekofəal bildirib.

Xatırladaq ki, 22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.