AŞPA və Aİ-nin ikili standartları - erməni müxalifətinin yalvarışlarına məhəl qoyulmur - ŞƏRH

AŞPA və Aİ-nin ikili standartları - erməni müxalifətinin yalvarışlarına məhəl qoyulmur - ŞƏRH

Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa İttifaqı (Aİ) başda olmaqla, Qərb təşkilatları Azərbaycan və Ermənistana yanaşmada birtərəfli, qərəzli siyasət yürütməkdədir. Ermənistanda insan haqlarının kobud pozulması ilə bağlı məsələlərə reaksiya verilmir, əvəzində Azərbaycan hədəfə alınır.

Ermənistan müxalifətinin məsələ ilə bağlı qeyd olunan qurumlara etdikləri müraciət, tələb və şikayətlər cavabsız qalır. Ölkə mediasında dərc olunan xəbərlərdə vurğulanır ki, erməni müxalifətinin Qərb ölkələrinə, müxtəlif strukturlara şikayətləri bitmir. Bununla belə, ölkədə siyasi təqiblərin pisləşdiyini göstərən çağırışlara, həyəcan təbillərinə nə AŞPA-da, nə də ABŞ və Avropa İttifaqında baxan var. İkili standartlardan çıxış edən Qərb strukturları, xüsusən də AŞPA və Aİ bu ittihamlara reaksiya verməkdənsə, Azərbaycanı əsassız yerə ittiham edirlər. Başqa sözlə desək, torpaqlarını işğaldan azad etdiyinə, suverenliyi özü bərpa etdiyinə görə ölkəmiz hədəfə alınır.

Yayılan son məlumatlara görə, Ermənistan müxalifəti ölkədə demokratiyanın güclənməsində maraqlı olan beynəlxalq tərəfdaşları hakimiyyətə təzyiq göstərməyə çağırıb. Qeyd edilib ki, Qərb baş nazir Nikol Paşinyana qarşı zorakılığa çağırışda ittiham olunan vəkil Muşeq Şuşanyanın azadlığa buraxılmasına nail olmalıdır.

Məlumata görə, “Milli demokratik qütb”ün tərəfdarı vəkil Muşeq Şuşanyan ötən il sentyabrın 29-da Nikol Paşinyana qarşı fiziki zorakılıq çağırışı etdiyinə görə həbs edilib. Şuşanyanın silahdaşları onun həbsini siyasi təqib kimi qiymətləndiriblər. İstintaqın məlumatına görə, o, 2023-cü ilin mayında təmsil olunduğu "YouTube" kanalında “Nikolun fiziki məhvinə açıq şəkildə haqq qazandırıb. Şuşanyan özünün "Facebook" səhifəsində qeyd edib ki, “erməni oyanışı yalnız bir şərtlə başlaya bilər - Nikol və Vətəni satanların bütün qrupu edam edilsin”. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb, onu 3 ilə qədər həbs cəzası gözləyir.

“Milli Demokratik Qütb”ün gənclər qanadı da ABŞ, Fransa və Avropa İttifaqını Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çağırıb. Müxalifət nümayəndələri yanvarın 30-da Fransa və ABŞ səfirliklərinə, eləcə də Avropa İttifaqının nümayəndəliyinə belə çağırışlarla məktublar göndərsələr də, müraciətləri cavabsız qalıb.

Muşeq Şuşanyanın vəkili Araik Papikyan bəyan edib ki, müdafiəsində durduğu şəxslə bağlı iş noyabr ayında məhkəməyə göndərilsə də, indiyə qədər cəmi iki iclas keçirilib. Məhkəmə həbs müddətini martın 28-nə qədər uzadıb. İş üzrə nə şahid, nə ekspertizanın nəticəsi var. O əlavə edib ki, Şuşanyanın işi açıq siyasi xarakter daşıyır.

Araik Papikyanın sözlərinə görə, 2020-2023-cü illərdə məhkəmələrə bu cür 38 iş verilib, onlardan 36-sı Paşinyan və yaxınlarına aiddir. Hətta “sosial şəbəkələrin monitorinqi üzrə bütöv bir şöbə də fəaliyyət göstərir. Bu orqan baş naziri sərt tənqid edən statusları müəyyən edir”.

Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyants Muşeq Şuşanyanın həbsini yolverilməz hesab edib. Onun sözlərinə görə, həbs heç bir faktla sübuta yetirilməyib. Hüquq müdafiəçisi bildirib ki, siyasətçilər sərt tənqidlərə öyrəşməlidirlər. Lakin hakimiyyət nümayəndələri hər xırda məsələyə görə dərhal məhkəməyə üz tutur və cinayət işinin qaldırılmasını tələb edirlər.

Görünən odur ki, Qərb strukturları Ermənistanda baş verənlərə göz yumur, insan hüquqları ilə bağlı yaşananlara barmaqarası baxırlar, reallıqları görməzdən gəlirlər. Açıq-aydın görünür ki, Qərb üçün müstəqil xarici siyasət yeridən ölkələrə qarşı mübarizə prioritetdir, inan hüquq və azadlıqları ikinci dərəcəlidir.

Bundan əvvəl yayılan məlumatlarda da Ermənistanda media orqanları və onların əməkdaşlarına qarşı təzyiq hallarının artdığından narahatlıq ifadə olunmuşdu. Nə AŞPA, nə də digər qurumlar qonşu ölkədə 100-ə yaxın hüquq pozuntusunun qeydə alındığına diqqət ayırmadı.

Söz Azadlığının Qorunması Komitəsinin rəhbəri Aşot Melikyan Ermənistanda 2023-cü ildə söz azadlığının vəziyyəti, jurnalistlərin və media resurslarının hüquqlarının pozulması ilə bağlı hesabatında ötən ili çətin il kimi qiymətləndirib. Hesabata əsasən, ötən il jurnalistlərə qarşı təzyiqlər, o cümlədən media nümayəndələrinə qarşı nifrət və təhdidlər olub: “Baş prokuror hökumətə sosial şəbəkələrdəki məlumatları nəzarətdə saxlamağı və lazım gəldikdə hər hansı nəşri bağlamağa məcbur etməyi təklif edib”.

Beləliklə, ölkədə insan hüquqlarının pozulması ilə bağlı kobud qanun pozuntuları qeydə alınsa da, heç bir beynəlxalq təşkilat və qurumlardan reaksiya daxil olmur. Sadalananlar da çoxsaylı faktların bir hissəsidir. Görünən odur ki, beynəlxalq təşkilatlar üçün əsas şərt maraqların təminidir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell, AŞPA-nın deputatı Frank Şvabe başda olmaqla, avropalı diplomat və deputatlar üçün bu faktlar da yəqin əsas olmayacaq.

Ermənistana dəstək, Azərbaycanın hədəfə alınması sübut edir ki, insan hüquqlarının qorunması onlar üçün əhəmiyyət kəsb etmir. Azərbaycana qarşı qəbul etdikləri qərarların arxasında isə qərəz və ikili yanaşma gizlənir. Lakin anlamalıdırlar ki, atdıqları addım, qərar və qətnamələrin heç bir önəmi olmayıb və olmayacaq da!