“Bakı Fond Birjası” və ADA Universiteti əməkdaşlıq edəcək

“Bakı Fond Birjası” və ADA Universiteti əməkdaşlıq edəcək

“Bakı Fond Birjası” QSC (BFB) ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, sənədi Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Razılaşmaya əsasən, BFB ADA Universitetinin tələbə və müəllimləri üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.

R.Xəlilov bildirib ki, Memorandumda, təhsil müəssisəsinin irəli sürdüyü layihələrə tərəfimizdən dəstəyin verilməsi və əməkdaşlarımızın bu cür tədbirlərdə qonaq spiker qismində iştirak etməsi nəzərdə tutulub.

F.İsmayılzadə qeyd edib ki, bu əməkdaşlıqla tələbələrə real iş mühitini görmələri və peşəkarlardan dəyərli fikirlər və təcrübələr əldə etmələri üçün şərait yaradılır: "Biz həm də tələbələrimizi dərsliklərdən kənara çıxan öyrənmə metodları ilə tanış edir, onları mütəmadi dəyişən və inkişaf edən sahələrdə uğura hazırlayırıq".

Memorandum çərçivəsində tələbələr üçün BFB-nin ofis binasına və yaxud başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların təşkil edilməsi və müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulub.