“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

Ötən ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 48 ölkəyə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayında məlumat verilib.

Bu, 2022-ci ilə nisbətən müvafiq olaraq 6 ölkə çox və 6,8 milyon ABŞ dolları və ya 25,6 % azdır.

“Azərkosmos”un 2023-cü ildə xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 1 milyon ABŞ dolları ilə Almaniya və 724,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Təkcə 2023-cü ilin son ayında “Azərkosmos” 45 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 ölkə çox və 0,5 milyon ABŞ dolları (21,7 %) azdır.