İxrac edilən qeyri-neft məhsullarının siyahısında pomidor üçüncü olub

İxrac edilən qeyri-neft məhsullarının siyahısında pomidor üçüncü olub

2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

APA-Economics”in xəbərinə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 783,9 milyon ABŞ dolları, Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (110,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (32,6 milyon ABŞ dolları) üçüncü olub.

2023-cü ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (35,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (23,2 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (21,3 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı”da qeyd olunub ki, 2024-cü ilin yanvar ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 11,5 milyon ABŞ dolları olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.