SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq

SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq

Son üç ildə Azərbaycanda verilən güzəştli kreditlər üzrə 432 halda tam və qismən təyinatdan kənarlaşma olub.

Bunu "APA-Economics"ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

O, bildirib ki, bu hallar üzrə 45,4 milyon manat vəsait geri qaytarılıb.

"Vəsaitlərin təyinatı üzrə istifadə edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparırıq. Çünki təyinatdan kənarlaşmalar həm gələcəkdə statistik məlumatların düzgün formalaşmamasına, həm də potensial olaraq portfelimizdə azalmalara səbəb olur. Verilən güzəştli kreditlərlə bağlı tam və qismən təyinatdan kənarlaşma və ya təyinatı üzrə istifadə etməmə halları olur. Bu zaman sahibkarlıq subyektinin bank tərəfindən Fonda təqdim edilən ilkin məlumatlarına baxırıq. Həmin məlumatlarda ayrılan kreditlər hesabına konkret olaraq hansı işlərin görülməsinin nəzərdə tutulduğunu müəyyən edirik. Nəzərdə tutulan işlər tam və ya qismən icra edilmədikdə bizim həmin vəsaitin təyinatı üzrə istifadə edilməyən hissəsini müvəkkil təşkilatdan geri tələb etmək hüququmuz var", - deyə O. Xalıyev əlavə edib.