Aİ yük gəmilərini husilərin hücumundan qorumaq üçün donanma yaradır

Aİ yük gəmilərini husilərin hücumundan qorumaq üçün donanma yaradır

Qırmızı dənizdə husilərin hücumuna məruz qalan yük gəmilərinin müşayiət olunmasında iştirak etmək üçün Avropa İttifaqının yeni donanma missiyası yaradılacaq.

APA xəbər verir ki, bunu Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-formal görüşündən əvvəl jurnalistlərə açıqlamasında Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

O, bugünkü iclas çərçivəsində yeni donanma missiyasının yaradılmasına qərar veriləcəyinə ümid etdiyini deyib.

"Ola bilər ki, bütün üzv ölkələr bu missiyada iştirak etmək istəməsin, ancaq heç kim bu missiyanın yaradılmasına da mane olmayacaq. Mən ümid edirəm ki, missiya fevralın 17-də işinə başlayacaq. Biz qərar verməliyik ki, hansı ölkə komandanlığı üzərinə götürəcək, Baş qərargah harada olacaq və hansı ölkələr donanma aktivləri ilə missiyanı təmin edəcək. Ümid edirəm ki, bu məsələlərlə bağlı qərarlar bu gün alınacaq. Qırmızı dənizdəki bu əməliyyatın artıq adı da var, bu, "Aspides" adlanır və mənası "himayəçi" deməkdir. Elə məqsəd də gəmiləri himayə etmək, qorumadır", - Borrell vurğulayıb.

O əlavə edib ki, donanma missiyası husilərə qarşı hər hansı hücumda iştirak etməyəcək, yalnız onların yük gəmilərinə hər hansı hücumlarının qarşısını alacaq.