Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu xarici bazara çıxarılacaq

Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu xarici bazara çıxarılacaq

Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu xarici bazara çıxarılacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev “APA-Economics”ə açıqlamasında belə deyib.

O bildirib ki, bu kibertəhlükəsizlik məhsulu bir neçə qlobal məhsulun araşdırılması nəticəsində hazırlanıb: “Məhsul 8 aydır ki, inkişaf prosesindədir. Qeyd edim ki, artıq bu proqramla Azərbaycan qlobal dünyada yerli kiber məhsula sahibdir”.

“Sınaqlar bitdikdən sonra proqramın tətbiqinə başlanılacaq. Qeyd edim ki, növbəti həftədən 5 dövlət və özəl qurumda sınaq işlərinə başlanılacaq. Bu müddətdə bizə həm müsbət, həm də mənfi geridönüşlər ola bilər. Nəticələrdən asılı olaraq biz məhsulumuzu daha da təkmilləşdirəcəyik. Hətta ilin sonlarınadək bu məhsulun xarici ölkələrdə də satışını düşünürük”, - deyə Ş. Hacıyəhyayev vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın qlobal kibertəhlükəsizlik indeksində ön sıralara çatması əsas hədəflərdəndir.