DGK Avtomatlaşdırılmış Risk Analiz Sisteminin hədəflərini açıqlayıb

DGK Avtomatlaşdırılmış Risk Analiz Sisteminin hədəflərini açıqlayıb

Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) başlıca hədəfi sərhəd profilləri və rəsmiləşdirmə seqmentləri üzrə məlumatları qabaqcadan təhlil etməkdir.

"Birxeber.Az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə "Caspian Energy Club" və "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin təşkil etdiyi "CEO MeetUp Logistics & Trade" adlı tədbirdə bildirib.

"Digər hədəf gömrük nəzarəti formullarını seçmə üsulu ilə tətbiq etmək və optimal nəzarət formasını seçmək, könüllü riayət mədəniyyəti olan sahibkarlar, daşıyıcılar və digər iqtisadi operatorların gömrük yüklülüyünü onların üzərindən götürməkdir. Bu vaxt itkisinin qarşısını almaq, xərcləri qarşılamaq üçün sərfəlidir. Biz layihənin tətbiqinə bu il başlamışıq. İlkin nəticələr qənaətbəxşdir", - deyə o qeyd edib.

C.Quluzadə həmçinin logistika şirkətlərinə müraciət edib: "Mən burada logistika şirkətlərinin olmasını nəzərə alaraq, tranzit bəyannamələrininin qabaqcadan verilməsi ilə bağlı işin daha da genişləndirilməsini xahiş edirəm. Çünki risk-analiz sistemində tranzit bəyannamələrinin qabaqcadan verilməsi olduqca önəmlidir".

ARAS - məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən sistemdir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin edilir, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən edilir.