“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib

“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar sabahdan qüvvəyə minir.

Bu Qayda “Tullantılar haqqında” qanuna uyğun olaraq hazırlanıb və “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fond məqsədli büdcə fondu olmaqla dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin idarə olunması “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitinin idarə olunmasını “Təmiz şəhər” ASC həyata keçirəcək.

Fondun vəsaiti aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır:

- utilizasiya haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- qanunla qadağan olunmayan digər mənbələr.

Utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də göstərilən orqanlar təmin edir.

Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;

- utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;

- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

Qeyd olunan istiqamət üzrə köçürmələr Qanunıa müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir.

Fonda daxil olan aylıq vəsaitin 3 %-i hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür.

Operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.

Fondun vəsaitindən səmərəli istifadə olunmasına Maliyyə Nazirliyi nəzarət edir.

Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabatı operator növbəti ilin yanvar ayının 31-nə qədər Maliyyə Nazirliyinə təqdim edir.