Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürənlərin məhkəməsində zərərçəkmiş ifadə verib

Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürənlərin məhkəməsində zərərçəkmiş ifadə verib

Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Birxeber.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Camal Həsənov dindirilib.

O bildirib ki, əlbəyaxa dava zamanı özü 4 bıçaq yarası alıb: "Restoranda əyləşdik, qəlyan sifariş verdik. Bölgələrə aid olan mahnı sifariş vermək istəyəndə DJ ilə mərhum Cəsarət arasında anlaşılmazlıq yarandı. Mən onları ayırdım. Sonra tanımadığımız şəxslər bizə yaxınlaşıb etirazlarını bildirdilər. Təqsirləndirilən şəxslərdən Orxan Zeynalov qəfil bizə yumruq atdı, daha sonra 10 dəqiqə əlbəyaxa davamız oldu. Mən əlimi qaldırıb həmin şəxsləri sakitləşdirmək istədim. Çünki mərhum dostum Cəsarət çoxsaylı zərbələrdən ağır xəsarət almışdı. Bizi ayırdılar, lakin dəhlizdə və aşağıda yenidən davamız başladı. Cəsarətə bıçaq zərbələrinin vurulduğunu gördüm, amma kim tərəfindən vurulmasını görmədim. Mənim bədənimə də 4 bıçaq zərbəsi yetirilmişdi".

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötə il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.

Hadisədə Cəsarət Vəliyev qətlə yetirilib, Camal Həsənov isə xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs-qətimkan tədbiri seçilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.