NATO Azərbaycan-Ermənistan sülh danışıqlarının tezliklə bərpa olunmasını istəyir

NATO Azərbaycan-Ermənistan sülh danışıqlarının tezliklə bərpa olunmasını istəyir

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

APA xəbər verir ki, bunu "armenpress"ə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

Onun sözlərinə görə, NATO hesab edir ki, hazırkı mərhələdə tərəflər arasında indiyədək razılaşdırılmış prinsiplər dəyişdirilməməlidir.

Ötən həftə Ermənistana səfərini xatırladan NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib ki, İrəvanda keçirdiyi yüksək səviyyəli görüşlərdə regional kontekstdə vəziyyət və Azərbaycanla sülh danışıqları müzakirə olunub: “Bildiyiniz kimi, bizim siyasi mövqeyimiz çox aydındır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmadığı təqdirdə, biz tərəfdaşlarımız arasında tərəf tutmuruq. Ona görə də mesajımız çox aydındır: İstərdik ki, tərəflər arasında sülh danışıqları mümkün qədər tez bərpa olunsun. Biz bilirik ki, müxtəlif treklər var, ikitərəfli, ABŞ vasitəçiliyi ilə, Aİ vasitəçiliyi ilə. Bizim üçün ən vacib olan sondakı nəticədir, dayanıqlı sülhün mövcudluğudur. Çünki bu, Qafqazın sabitliyi üçün çox vacibdir.

Dayanıqlı sülhə aparan münasibətlərin normallaşdırılması prosesi bu gün əsas elementdir. Biz iki xalqı belə bir sənədə imza atmağa vadar edən hər şeyi dəstəkləyəcəyik. Biz ABŞ-ın vasitəçiliyini, Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirik”.

Kolomina vurğulayıb ki, NATO-nun siyasi cəhətdən Cənubi afqaz regionunda mövcudluğu var: “Bu, üç ölkə, Gürcüstan, Ermənistan və Azərbaycan, lakin xüsusilə Ermənistan və Azərbaycan kontekstində mövcuddur. Bundan əlavə, biz həmişə tərəfdaşlarımızdan nə gözlədiyimizi çox açıq şəkildə bildirmişik. Biz razılaşdırılmış prinsiplər əsasında münasibətlərin normallaşmasını gözləyirik. Bu prinsiplərdən bəziləri suverenlik və ərazi bütövlüyü kimi prinsiplərdir, onlar Vaşinqton müqaviləsində və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərdir və biz münasibətlərin normallaşması üçün bu xətti dəstəkləməyə davam edəcəyik”.