AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib 

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib 

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim mərasimi keçirilib.

“Report” xəbər verir ki, xalça kəsimi Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalında baş tutub.

Mərasimdə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov bildirib ki, bu xalça AZPROMO-nun sifarişi əsasında toxunub.

Xalçanı AZPROMO icraçı direktoru Yusif Abdullayev, “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə kəsiblər.

Bununla yanaşı, tədbirdə E.Məmmədov qeyd edib ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə baş tutur: “Çox şadıq ki, ilk keçirilmiş xalça festivalla gələcək festivalın təməli qoyulur”.

Xatırladaq ki, iki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilib. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir.