GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyinin (GAZBIR) prezidenti Yaşar Arslan deyib.

“Dağ-mədən sənayesi sahəsi ilə bağlı sənədə, eləcə də enerji tənzimləmələrini ehtiva edən bəzi qanunlara dəyişikliklə bağlı parlament tərəfindən qəbul olunan təkliflər Türkiyənin Avropa ölkələri, xüsusən də qonşuları ilə LNG ticarətinin yolunu açır”, - Y.Arslan bildirib.

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Türkiyə ötən il 50,5 milyard kubmetr təbii qaz idxal edib ki, bunun da təxminən 30 %-i LNG şəklindədir.

GAZBIR rəhbəri qeyd edib ki, son 10 ildə Türkiyəyə idxal olunan qazda LNG-nin payı 15 %-dən 30 %-ə yüksəlib: "Gələcəkdə bu rəqəmin 40 %-ə yüksələcəyini təxmin edirik. Bundan əlavə, Türkiyə yeni müqavilələr sayəsində ani və ucuz maye qaz alacaq".

Arslan Sakarya təbii qaz yatağının istifadəyə verilməsi ilə Türkiyədə hasilat gücünün ildə 350-400 milyon kubmetrdən 800-850 milyona qədər artdığını da vurğulayıb.

Türkiyənin ötən il 900 milyon kubmetr təbii qaz ixrac etdiyini deyən GAZBIR rəhbəri idxalçılar arasında birinci yerdə Bolqarıstanın olduğunu söyləyib (370 milyon kubmetr).

“Xüsusilə, Rusiya və Azərbaycanda yarana biləcək artıq təbii qazı ən qısa zamanda idxal edəcək ölkələrə çatdırmaq vəziyyətindəyik. Yaxın illərdə Türkiyənin qonşuları, xüsusilə də Şərqi Avropa ölkələri ilə ticarət imkanları, təbii qaz kəşfiyyatı yataqlarında hasilat gücünün artırılması və təbii qazın mayeləşdirilməsi ilə yanaşı, Aralıq dənizi və Qara dənizdə mümkün yeni kəşflər Türkiyənin mövcud idxal müqavilələri ilə yaxşılaşdırıla bilər”, – deyə o əlavə edib.