Nazir: "Azərbaycanın enerji keçid proqramı mövcuddur"

Nazir: "Azərbaycanın enerji keçid proqramı mövcuddur"

Bu gün Azərbaycan enerji keçidi üzərində fəal işləyir, o, ev sahibliyi edəcəyi COP29-a hazırlaşır, bununla yanaşı ölkənin öz enerji keçid proqramı var.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

Onun sözlərinə görə, bu proqram 2030-cu ilə qədər istehlak olunan enerjinin 30 %-ni bərpa olunan enerji mənbələrindən istehsal etmək məqsədi daşıyır:

“Buna nail olmaq üçün biz özəl şirkətlər və beynəlxalq investorlarla bir sıra investisiya müqavilələri bağlamışıq. Bu məqsədlə birbaşa xarici investisiyaları cəlb edirik. Amma bu gün deyildiyi kimi, dövlətlərdən dəstək olmasa, biz özəl sektoru cəlb edə bilmərik, özəl sektorun maliyyələşdirilməsini səfərbər edə bilmərik”.

Onun sözlərinə görə, əlverişli investisiya mühiti, yəni bu investisiyaları mümkün və cəlbedici edə biləcək təminatlar və ya digər vasitələr olmasa, özəl sektoru cəlb etmək mümkün deyil: “Buna görə də hökumətimiz investorlara bir sıra zəmanətlər verib və hesab edirik ki, bu, ilkin mərhələdə irəliləyişin yeganə yoludur”.