"Kəpəz"in İdarə Heyətinin üzvü: Sponsor olmadan mübarizə aparmaq çətindir

"Kəpəz"in İdarə Heyətinin üzvü: Sponsor olmadan mübarizə aparmaq çətindir

Sponsor olmadan mübarizə aparmaq çətindir.

"Birxeber.Az" xəbər verir ki, bunu “Kəpəz”in İdarə Heyətinin üzvü Müşfiq Cəfərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Millət vəkili komandanın Azərbaycan Premyer Liqasında yerini qorumasına münasibət bildirib: “İndi turnir cədvəlində daha yuxarı pilləni tutmaq üçün yaxşı imkan da var. Hər kəs üzərinə düşən işi gördü və nəticəsi də oldu. Təbii ki, əsas əziyyəti komanda üzvləri çəkdilər. Baş məşqçi Adil Şükürov və komandasına gördükləri keyfiyyətli işə görə minnətdarıq. Onları tək qoymayan azarkeşləri də unutmaq olmaz. Məğlub olanda da dəstək verməklə ruh yüksəkliyi yaratdılar. Bu yerdə klub rəhbərliyinə də “sağ ol” düşür. Komandaya lazım olan bütün dəstəyi verdilər. “Kəpəz”in elitada qalması üçün dayanmadan çalışdılar”.

O, sponsorsuz mübarizə aparmağın çətin olduğunu bildirib: “İnanıram ki, klubun elitada qalması, öz mövqeyini qoruyub saxlaması və növbəti mövsümdə iştirakı “Kəpəz” üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq və komanda növbəti çempionatda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Qazandığı qələbələrlə gəncəli futbolsevərləri daha çox sevindirəcək”.

“Gəncədə futbolun inkişafı üçün müvafiq işlər görülür. Məşq meydançaları salınıb, yeni baza istifadəyə verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu stadion artıq tikilməkdədir. Bunlar hamısı “Kəpəz”in gələcəyi üçün qoyulan yatırımdır. Arenanın yenilənməsi klubun ən böyük problemi olan sponsor məsələsinin həllinə kömək etməlidir”, - deyə M.Cəfərov bildirib.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə elitadakı yerini qoruyub.