Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Rəqiblər top-millilər olmasalar da, ortabab, yaxşı komandalardır.

Bunu “Birxeber.Az”a açıqlamasında, Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının 2024/2025 mövsümünün püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis 6-cı qrupda Macarıstan, Yunanıstan və Rumıniya ilə mübarizə aparacaq U-17-nin rəqibləri haqqında danışıb: “Püşkü onlayn şəkildə izlədim. Birinci səbətdən Macarıstan, ikincidən Yunanıstan, üçüncüdən isə Rumıniya çıxdı. Biz də dördüncü səbətdə idik. Axtarışdayıq, rəqiblərin oyunlarını tapıb təhlil etmək niyyətindəyik. Bu yaşda yığmaların qarşılaşmalarının videoyazısını əldə etmək çətindir. Yalnız Macarıstanın oyunlarından birini tapmışdım, tam izləməsəm də, nəticəni öyrənmişdim. Səhv etmirəmsə, martda və ya apreldə Norveç yığmasına məğlub olmuşdular. Əlbəttə, digər rəqiblərin də oyunlarını tapıb baxacağıq. Qarşıda təlim-məşq toplanışlarımız olacaq. Səhv etmirəmsə, mayın 8-də oyunların hansı ölkədə keçiriləcəyi və təqvimi müəyyənləşəcək”.

İ.Yadullayev çatışmayan cəhət kimi U-17-nin beynəlxalq turnirlərdə tez-tez iştirak etməməsini göstərib: “Rəqiblərin əsas komandalarının hansı səviyyədə olduğunu bilirik. Yəqin ki, aşağı yaş qruplarından ibarət yığmaları da pis olmaz. Çünki Avropada müxtəlif beynəlxalq turnirlərdə və yoldaşlıq görüşlərində iştirak edirlər. Bizim isə çatışmayan cəhətlərimizdən biri belə turnirlərə az qatılmağımızdır. Bu, klublar səviyyəsində də olsa, uşaqlar yaxşı inkişaf edər, çox təcrübə toplayarlar”.

Baş məşqçi millinin növbəti toplanışa xarici ölkələrdə çıxış edən futbolçuları da dəvət edəcəyini söyləyib: “İki dəfə Belarusda toplanışda olduq. Xaricdə oynayan uşaqlar var. İlk toplanışa Almaniyadan iki, İsveçdən bir nəfər gəlmişdi. Bundan əlavə, Rusiyada olan uşaqları dəvət etmişdik. Bildiyiniz kimi, Barselonadakı futbol məktəbində 2008-2009 təvəllüdlü 15 futbolçumuz var. İkinci toplanışa həmin məktəbdən 5 nəfər dəvət etmişdik. Bir futbolçumuz Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir, onu da çağırmışdıq. Çalışırıq ki, heç kimi nəzərdən qaçırmayaq və hamını təlim-məşq toplanışlarına çağıraq. Sonda kimlər istədiyimiz oyunu göstərəcəksə, əsas turnirə də onları dəvət edəcəyik”.