Adıyamana getməyən Anadolunu gəzdim deməsin - REPORTAJ

Adıyamana getməyən Anadolunu gəzdim deməsin - REPORTAJ

Türkiyənin qədim və zəngin tarixi insanları bu əsrarəngiz ölkəyə cəlb etməsi üçün kifayətdir. Xüsusilə, Anadolu bölgəsi o qədər zəngin tarixə malikdir ki, buradakı hər daşdan, hər qaya parçasından uzaq keçmişin ətri duyulur. Məhz bu səbəbdəndir ki, həmin torpaqlara nə zaman və hansı fəsildə ayaq basmağınızdan asılı olmayaraq hansısa qədim şəhər qalıqlarında, mağarada, qədim su kanalı kimi ərazilərdə dünyanın müxtəlif yerlərindən həmin ərazilərə üz tutmuş arxeoloqlarla qarşılaşmağınız adi hala çevrilir.

Tarixə olan marağım mənim də tez-tez Anadolu torpaqlarına üz tutmağıma səbəb olub. Bu ərazilərlə əlaqədar xatirələrimi bölüşərkən həmişə fəxrlə demişəm ki, Anadolunu gəzib kəşf etmişəm. Lakin sonuncu səfərim mənə nə dərəcədə yanlış fikirdə olduğumu göstərdi. Məncə, Adıyamana getməyən Anadolunu gəzdim deməsin...

Bəli, bu dəfə yolum Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində yerləşən tarix və mədəniyyət incisi Adıyamanadır.

Adıyaman tarixdə məlum olan ən qədim yaşayış məskənlərindən biridir. Palanlı mağarasındakı araşdırmalarda şəhərin tarixinin eramızdan əvvəl 40 min ilə qədər uzandığı başa düşülüb.

Həmçinin, Samsat-Şehremuz təpəsindəki tarixi tapıntılardan eradan əvvəl 7 min ilə qədər paleolit, eradan əvvəl 5 min illərinə qədər neolit, eradan əvvəl 3 min illərinədək kaltolitik və eradan əvvəl 3 min - 1200 illəri arasında da tunc dövrünün yaşandığı anlaşılır.

Təyyarədən enməyimlə Bakı ilə ən azı 10 dərəcə olan istilik fərqi məni bir qədər narahat edib darıxdırsa da, mənfi fikirlər dalğasından çıxmağı bacara bildim. Düzünü desəm, bura məni gətirən səbəb illərdir Nemrut dağına çıxmaq istəyimdir. Lakin Nemrut dağına qalxma planımız səfərimizin son günlərinə təsadüf etdiyi üçün burada gəzəcəyimiz digər destinasiyalara fokuslanmağa çalışıram.

Avtomobilimiz gecələyəcəyimiz otelə doğru şütüyərkən ötən il 6 fevralda baş verən zəlzələnin izlərini, yaşanan faciənin qəmgin çalarlarını şəhərdə və hətta bu hadisədən danışan insanların çöhrəsində asanlıqla görmək mümkündür. Bu zaman sürücü avtomobili şəhərin mərkəzinə yaxın yerdə yerləşən saatın yanında saxlayır. İşləməyən saat bizim üçün nə qədər maraqlı ola bilər deyə düşərkən, bələdçimiz bildirir ki, bu saat həmin dəhşətli zəlzələ baş verən an - saat 04:17-də dayanıb və bir daha işləməyib. O sanki həmin faciənin qurbanlarını yad etmək üçün qurulan saata bənzəyir. Səs çıxarmadan, sakitcə fəlakətin səsinə çevrilir.

Bu zaman bələdçimizlə dialoqumuz yaranır və bildirirəm ki, şəhərdə sanki elə də çox dağıntı gözə dəymir. Lakin özlüyümdə Adıyamanın zəlzələdən ən çox təsirlənən üç şəhərdən biri olduğunu yaxşı bilirəm. Cavabında uçmuş bina qalıqlarını görüb üzülməyək deyə bizləri sözügedən ərazilərdən aparmadıqlarını deyir. Bu insanların acısını bölüşüb, dərdlərinə şərik olsaq da, Adıyamana gəlmək məqsədimiz tamamilə başqadır. Bu dəfə mən və məndən başqa 10 ölkədən olan fotoqraflar, həmçinin jurnalistlər Adıyamanın tarixi zənginliklərini tanıtmaq, bu tarixi şəhərə daha gözəl prizmadan baxmaq və göstərmək üçün gəlmişik.

Adıyamanın Besni, Çelikhan, Gerger, Gölbaşı, Kahta, Samsat, Sincik, Tut kimi şəhərin qədim tarixini, adət-ənənələrini, mədəniyyətini özündə əks etdirən destinasiyaları var. Otelimizə çatıb bir qədər dincəldikdən sonra gedəcəyimiz ilk yer də beləcə məlum olur. Bura qədim Perre şəhəridir.

Qədim mənbələrdə Me'arath Qaza Pörön və Mesopotamiyada Pirin və Perin kimi tanınan qədim Perre şəhəri Kommaqena krallığının (qədim yunan krallığıdır. Ermənilər bu krallığı qədim erməni çarlığı kimi qələmə verirlər - red) beş böyük şəhərindən biri olub. Sonralar onun həm də Roma imperiyasının mühüm yerli mərkəzi olduğu bilinir. Adıyamandan 5 km aralıda, Örenli mahalı sərhədləri içərisində yerləşən qədim şəhər, Melitene (indiki Malatya) ilə paytaxt Samosata (indiki Samsat) birləşdirən yol marşrutu üzərində olduğu üçün keçmişdə geosiyasi əhəmiyyət malik olub.

Açıq hava altında muzey kimi fəaliyyət göstərən Perre indiyə kimi gördüyüm ən böyük antik şəhər qalıqlarından biridir. Xarabalıqların içərisində təsadüfən canlı heykəl sənətini icra edən Hakimə Bal ilə rastlaşıram. İlk əvvəl onun bura turistlərin diqqətini cəlb etmək üçün qoyulan heykəl olduğunu düşünürəm. Lakin az sonra anlayıram ki, Perre bizi tarixin içərisində gizlənmiş incəsənətlə qarşılayır. Hakimə xanım bizə ilk peşəkar müsəlman türk qadın fotoqraf olan Naciyə Sumanı canlandırdığını deyir.

Qədim Roma mənbələrində Perre şəhərinin suyunun gözəlliyindən, karvanların, səyyahların və orduların istirahət yeri kimi istifadə edildiyindən bəhs olunur. Həmin suyun axdığı Roma bulağı bu gün də istifadə olunur. Bizans dövründə də əhəmiyyətini qoruyub saxlayan antik şəhərdəki bəzi tapıntılar buranın həm də dini bir mərkəz olduğunu göstərir. Qədim şəhərin ən diqqəti çəkən qalıqları Örenli məhəlləsinin girişində yerləşən Qaya məzarlarıdır. Qayaların içərisində oyulmuş otaq qəbirlər möhtəşəm görüntü yaradır.

Antik şəhərləri gəzmək üçün ən uğurlu vaxt səhər saatlarıdır. Çünki bu cür məkanlarda gəzərkən zamanın necə keçdiyini bilmədiyiniz üçün günəş yanıqları və günvurma kimi xoşagəlməz hallarla qarşılaşmaq ehtimalınız var.

Elə bu səbəbdəndir ki, qədim şəhərlə sağollaşıb Adıyamanın mərkəzinə üz tuturuq. Dağlarla əhatələnmiş yollardan Atatürk su anbarına açılan mənzərə sanki təbiətin gözəlliyini tərənnüm edir. Burada gənclər avarçəkmə və digər su idman növləri ilə məşğul olurlar. Elə bizim də şansımıza həmin gün avarçəkən gənclər ölkə üzrə keçiriləcək yarışlara hazırlaşmaq üçün öz aralarında yarış keçirirlər. Mən də ilk dəfə bu yarışları xüsusi qayıq vasitəsilə məhz suda və avarçəkənlərə bu qədər yaxın məsafədə izləmək şansı əldə edirəm. Günəşi burada batırıb, Adıyamanın dadlı təamları ilə tanışlıq üçün restorana yollanırıq. Qastronomiyası ilə məşhur Anadolu bölgəsində xüsusilə ət yeməkləri çox ləzzətli olur. Biz sözlə, biz azərbaycanlıların burada ac qalmaq ehtimalı yoxdur.

Uzun günün yorğunluğunu üstümüzdən atdıqdan sonra yeni məkanları kəşf etmək üçün yola düzəlirik. Növbəti ünvanımız gözəl təbiəti ilə insanı valeh edən Gölbaşı rayonudur. Burada divarlar, qalalar və məbədlər kimi diqqətəlayiq tarixi tikililər az olsa da, rayon ərazisində yerləşən müxtəlif mağaralardan görünür ki, tarixən əhəmiyyətli yaşayış məskənlərindən biri olub. Belə ki, Gölbaşından keçən tranzit yola qədim zamanlarda “Bağdad yolu”, “Döyüş yolu”, “Hələb yolu”, “Murad yolu” deyilib.

Sakit əsən meh, havada uçuşan polen toxumları, Azaplı və İnəkli göllərinin yaratdığı füsunkar görüntü buranı nağıllar aləminə bənzədir. Beynəlxalq fotoqraflar fotokameranın obyektivini mənzərəyə tuşlayaraq anı ölümsüzləşdirirlər. Gözəl mənzərədən və sərin mehdən bir qədər də zövq alaraq sonrakı ünvana yollanmaq üçün avtomobillərə üz tuturuq.

Anadolu dedikdə adətən ağıla mağaralar, boz dağlar, qədim antik şəhərlər gəlir. Lakin Adıyamanda bütün bunlarla yanaşı gözəl təbiət mənzərələri, meşələr, çaylar, göllər, kanyonlar, su anbarları da mövcuddur. Elə növbəti destinasiyamız olan Samsat rayonu da öz təbii gözəllikləri ilə seçilir. Lavanda tarlaları, yaşıl rəngin ən gözəl tonlarını özündə əks etdirən Atatürk su anbarı rayona xüsusi gözəllik bəxş edir. Anadolunun Maldivləri kimi adlandırılan Samsat qədim Kommaqena krallığının paytaxtından biri olub. Tarixi abidələri, su idman növləri üçün əlverişli mühiti, təbiəti və eyni zamanda yeməkləri ilə görməli olduğunuz məkanlardan biridir. Adıyamanda kəşf etməli o qədər gözəlliklər var ki, qısa müddət ərzində nəzərdə tutduğumuz səfərdə hər yeri görmək üçün vaxt tapmaqda çətinlik çəkirik. Elə ona görədir ki, bütün bu mənzərələrdən zövq almaq üçün çox az zamanımız olur.

Bələdçimiz Tut rayonunun Çanaqçı yaylasında yamac paraşütçülərinin bizi gözlədiyini deyir. Adıyaman bu baxımdan həm də idmançılar və idman həvəskarları üçün cəlbedici məkanlara ev sahibliyi edir. Avtomobilimiz dağın döşü ilə Çanaqçı yaylasına doğru qalxır. Buranın təbiətini müəyyən mənada Kəlbəcərin təbiətinə bənzədirəm. Sərt sıldırım qayalar, dolanbaclı yollar mənə Ömər aşırımını xatırladır. Nəhayət, 2 min metr yüksəkliyə qalxanda paraşütçülərin qayalardan atlamaq və bu idman növü ilə bizi daha yaxından tanış etmək üçün gözlədiyini müşahidə edirik. Yüksəklik qorxuma o an qalib gəlib paraşütçülərlə birgə atlamaq istərdim, lakin bu dəfə qorxu mənə qalib gəlir, bacarmıram. Havada quş kimi süzülən idmançılar bir anda azadəliyin simvoluna çevrilirlər. Biz isə günəşi məhz Çanaqçı yaylasında batırırıq.

Görməli olduğumuz yerlərin planlarını quraraq, dostlarla maraqlı yol söhbətləri fonunda gecələmək üçün Tut kəndinə doğru üz tuturuq.

Səfərimiz barədə isə görünür daha çox danışacaq, yazacam.