KXDR strateji qanadlı raketini sınaqdan keçirib

KXDR strateji qanadlı raketini sınaqdan keçirib

Şimali Koreya ötən gün “Hvasal-2” strateji qanadlı raketinin təlimini keçdiyini bildirib.

Bu barədə “Birxeber.Az” Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

“KXO (Koreya Xalq Ordusu - red) yanvarın 30-da “Hvasal-2” strateji qanadlı raketinin buraxılması üçün təlim keçirdi”, - agentliyin məlumatında deyilir.

Qeyd olunur ki, təlimlər ordunun təcili əks-hücuma hazırlığının yoxlanılmasına və strateji zərbə endirmə qabiliyyətinin artırılmasına töhfə verib.

Pxenyan iddia edib ki, sınaqlar ətraf ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib.

Bundan əvvəl Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi Şimali Koreyanın çərşənbə axşamı qərb sahillərinə bir neçə qanadlı raket atdığını bildirib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi öz növbəsində bildirib ki, Şimali Koreya tərəfindən təxminən yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 2:00) raket buraxılışını qeydə alıb.