Şoltsun partiyasının populyarlığı son 4 ildə ən aşağı səviyyəyə düşüb

Şoltsun partiyasının populyarlığı son 4 ildə ən aşağı səviyyəyə düşüb

Hakim koalisiyaya daxil olan kansler Olaf Şoltsun siyasi təşkilatı Almaniya Sosial Demokrat Partiyasının (ASDP) populyarlıq reytinqi son 4 ilin ən aşağı səviyyəsinə düşüb. Ölkə sakinlərinin yalnız 13%-i seçkilərdə ona səs verməyə hazırdır.

"Report"un xəbərinə görə, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə “Insa” sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Bu, 2021-ci il parlament seçkiləri ilə müqayisədə təxminən iki dəfə (25,7%) azdır. Ötən həftə aparılmış analoji araşdırma ilə müqayisədə sosial demokratların reytinqi 2 faiz azalıb. Həmçinin, hakim koalisiyaya daxil olan Yaşıllar Partiyası ASDP ilə eyni səviyyədədir – seçicilərin 13%-i ona səs verməyə hazırdır.

Populyarlıq reytinqində birinci yeri respondentlərin 30%-nin səs verməyə hazır olduqları Xristian Demokratik və Xristian Sosial Birliklərinin müxalifət bloku tutur (heç bir dəyişiklik yoxdur). Siyahıda ikinci yerdə “Almaniya üçün alternativ” qərarlaşıb – onu respondentlərin 22%-i dəstəkləyir (dəyişiklik yoxdur). Azad Demokrat Partiyası cəmi 5%, Sol Partiya 3% səs alır. Beləliklə, Almaniyada hakim koalisiyaya daxil olan partiyaların (Almaniya Sosial Demokrat Partiyası - ASDP, Yaşıllar və Azad Demokrat Partiyası) ümumi reytinqi hazırda cəmi 31%-dir.